Baxmayaraq ki, etirazların kökündə sırf iqtisadi səbəblər, xüsusən də qiymətlərin artması dayanırdı, sonradan bu siyasi xarakter almağa başladı. Belə ki, etirazçılar dekabrın 28-də hərbi və siyasi obyektləri tutmağa cəhd göstərib.
Gərgin vəziyyət 2018-ci ilin yanvarın 2-ə qədər davam etdi. İran Daxili İşlər Nazirliyinin məlumatına görə, Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərdə təşkil olunan etirazlarda 42 min insan iştirak edib. Etirazları - insanların təbii hüquqü, tələblərinin ədalətli olmasını bəyan edən İran rəhbərliyi bununla belə, ölkədəki vəziyyətin qeyri-sabit məcraya yönəldilməsində ABŞ, Səudiyyə Ərəbistanı və İsraili ittiham etdi, nümayişləri yatırdaraq 450 nəfər həbsə alındı.
Analitiklər burda vacib bir məqama diqqət yetirir. Belə ki, əhalisinin əksəriyyətinin etnik azərbaycanlılar təşkil edən əyalətlərdə etirazların necə qarşılanacağı hamının nəzərində idi. Əgər etirazlar ölkə əhalisinin 40 faizini təşkil edən bu bölgələrdə başlasaydı, rəsmi Tehran bunun qarşısını necə ala bilərdi? Azərbaycanlılar yaşayan əyalətlərdə həyat səviyyəsinin aşağı olmasına baxmayaraq, üstəlik işsizlik və sosial problemlərin baş qaldırdığına rəğmən onlar qərbin təbliğatına uymayıb etirazçıları "millətçi" və "türkfob" adlandırıb.
Qərb ölkələri İran və Türkiyə arasında soyuqluq yaratmaq üçün bu etirazlarda rəsmi Ankaranın əlinin olduğu barədə təxribatçı bəyanatlar verdilər. Türkiyə dövləti isə bu məsələdə daha ağıllı və ehtiyatlı tərpəndi. Prezident Rəcəb Tayyib Ərdoğan İranda sabitlik tərəfdarı kimi çıxış edərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasına diqqət çəkdi.
"Tehranın indiki rejimi bütün çatışmazlıqlarına rəğmən regionda sabitlik amili kimi çıxış edir, əgər qərb avantüristləri burada hakimiyyətə yiyələnsə, onlar bu ölkəni vətəndaş müharibəsinə sürükləyər, Suriyadan da artıq dəhşətli mənzərə yaranmış olar", - Ərdoğan belə deyib.
Türkiyə Prezidenti həmçinin iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı müzakirə olunan məsələlərdən danışıb. Onun sözlərinə görə, İranda vəziyyət tam nəzarət altındadır və narahatlığa heç bir əsas yoxdur. Ərdoğan qeyd edib ki, İrandakı vəziyyət ölkənin daxili işidir və proseslərə istənilən xarici müdaxilə yolverilməzdir. Azərbaycan tərəfi də bəyan etdi ki, İrandakı hadisələrin İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.
Məhz Türkiyə və Azərbaycanın İran hakimiyyətini antihökümət çıxışlardan müdafiəsindən sonra iranlı güc strukturları nəzarəti ələ aldılar. Son olaraq İslam İnqilabı keşikçilər korpusunun komandiri Məhəmməd Əli Cəfəri etirazların yatırılması barədə məlumat verdi.
İranda sülhün və sabitliyin qorunmasında Türkiyə və Azərbaycan kimi türkdilli ölkələr, eləcə də İranda yaşayan azərbaycanlıların tutduğu mövqe rol oynadı. İrana isə indi düşünmək qalır ki, bundan sonra bölgədə kimin dost, kimin düşmən olduğunu müəyyən etsin.