Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, müəyyənləşdirilən yerlər 2015-ci ildə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunub.
Bakı şəhərində ilk olaraq 100-ə yaxın belə yer müəyyənləşdirilib: “2016-2017-ci illərdə Bakı şəhəri və ətraf yollar üzərində belə piyada keçidləri inşa olundu. Bu işlər bu il də davam etdiriləcək. Həmin yerlərin siyahısına Yeni Salyan şossesi 22 ("Jurnalist binaları"nın qarşısı) və Heydər Əliyev prospekti, 23-cü polis bölməsinin qarşısına düşən ərazi (Bağırov körpüsünün çıxışı istiqamət) də əlavə edilib. Artıq Heydər Əliyev prospektində yüngül konstruksiyalı yerüstü piyada keçidin tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir. Bu il ərzində, ən qısa zamanda yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi başlanacaq".
Yeni Salyan şossesi 22 ünvanında da bu il ərzində yüngül konstruksiyalı yerüstü piyada keçidinin inşası planlaşdırılır.
O cümlədən, bu il Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsi (Şamaxinka adlanan ərazi), Yusif Səfərov küçəsində - “Azəriqaz” İstehsalat Birliyinin qarşısında, Mərdəkan-Zaqulba yolunda, köhnə “Mərdəkan Broyler”in yaxınlığında və Qala-Pirallahı yolunda yaşayış məntəqələri olan sahədə yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub.
AzNews.az