Güləşçilərimiz Minskdə 6 medal qazandılar

4 Mart 2013 10:13 (UTC+04:00)
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatları uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışda iştirak edən qadın güləşi üzrə Azərbaycan yığması 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İdmançılarımızdan Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (59 kq) və Natalya Palamarçuk (67 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vurub. Diqqət çəkən məqam Yuliya Ratkeviçin finalda yığmamızın digər üzvü İrina Netrebaya qalib gəlməsidir. Bürünc medalları isə komandamıza Anna Belyayeva (63 kq) və Səbirə Əliyeva (72 kq) qazandırıb.

Qeyd edək ki, martın 19-24-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlıq məqsədilə yığmamız martın 14-dək Belarus güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

AzNews.az