“Azərbaycan onu yığmaya qəbul etməyə hazırdır”

5 Mart 2013 15:17 (UTC+04:00)
"Aramızda hansısa qalmaqal yaşanmayıb. Mən ümumiyyətlə, Boyanka Kostovanın məşqçisi olmamışam. Onun məşqçisi Laçezar Kişkilov idi". Bunu apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi Zlatan Vanev deyib.

Bolqarıstan mətbuatı millimizin üzvləri Boyanka Kostova və İvan Stoitsovun Azərbaycan bayrağı altında çıxış etməkdən imtinasını məhz Vanevlə aralarında yaranmış qalmaqalla əlaqələndirib. Bu üzdən İvan və nişanlısı Boynaka millimizi tərk etməyə qərar verib.

Lakin Vanev bütün bunların həqiqətdən uzaq olduğunu bildirib: "İvan Stoitsov məşq zamanı dizindən zədə aldığından, London Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib. Mən yığmaya baş məşqçi təyin olunandan sonra isə heç kimi qovmamışam. Olimpiadadan sonra Veliçko Çolakovun Azərbaycana qayıtması üçün bilet də alınmışdı, amma qayıtmaqdan imtina etdi".

Baş məşqçi həm Stoitsov, həm də onunla yanaşı, yığmamızdan imtina edən Veliçko Çolakovun komandamız üçün ciddi itki olmadığını düşünür. O, bunu atletlərin karyerasının qürub çağında olması ilə əsaslandırıb: "Baş məşqçi kimi deyə bilərəm ki, Stoitsovla Çolakovun idman karyerası sona çatmaq üzrədir, bizə isə 2016-cı il Olimpiya Oyunlarında medal uğrunda mübarizə aparacaq atletlər lazımdır. Boyanka Kostovaya gəlincə, onu heç kim qovmayıb. Azərbaycan onu yığmaya qəbul etməyə hazırdır".