Azad Rəhimov parlamentdəki ittihamlara cavab verdi

5 Mart 2013 15:23 (UTC+04:00)
"Biz məhz "qara bazar"la mübarizə aparmalıyıq, nəinki bu gün tam şəffaf olan və idmanın inkişafına xidmət edən "TOPAZ"ı müzakirə etməliyik".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov verib.

Nazir bu gün Milli Məclisdə "TOPAZ"ın ünvanına səslənən tənqidi fikirlərə münasibətini açıqlayıb. Onun sözlərinə görə, "TOPAZ" tam şəffafdır və idmanın inkişafına xidmət edir: "Bu gün "TOPAZ"ın dövriyyəsindən 4,2% vəsait "Azəridmanservis" dövlət müəssisəsinin hesabına gəlir. Həmin vəsaitin 30%-i AFFA-nın, 70%-i digər idman növlərinə paylanır. Bu, birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir. Dünyada və Avropanın bir çox ölkələrində müxtəlif totalizatorlardan bu maliyyə nazirliklərə, komitələrə daxil olur və idmanın inkişafına sərf olunur. "TOPAZ" Azərbaycanda mövcud olmayanda "qara bazar" mövcud idi. Düşünürəm ki, biz məhz bu "qara bazar"la mübarizə aparmalıyıq, nəinki bu gün tam şəffaf olan və idmanın inkişafına xidmət edən "TOPAZ"ın müzakirəsini aparmalıyıq".

AzNews.az