“Ayaz Mütəlibov hakimiyyətə gəlmək istəyir”

5 Mart 2013 22:48 (UTC+04:00)



BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında Ayaz Mütəllibovla bağlı məsələyə toxunaraq iddia edib ki, sabiq prezident yenidən Azərbaycana qayıdandan sonra təxribat xarakterli fikirlər səsləndirib və Xocalı hadisələri, Qarabağla bağlı təxribat hesab etdiyi fikirləri misal göstərib: "A.Mütəllibov öz məqamını gözləyir və hər hansı ölkə burda xaos yaratmağa cəhd etsə, onun hələ hansı açıqlamalar verəcəyi bəlli deyil. Hüquq-mühafizə orqanları məsələyə yenidən baxmalı və sabiq prezidentin prezident səlahiyyəti bitdikdən sonra törətdiyi dövləti cinayətlərə hüquqi qiymət verib nəzarətdə saxlamalıdırlar".

Millət vəkilinin bu açıqlaması yeni qalmaqal yaradıb. Özünü çox gözləmədən A.Mütəllibovun hakimiyyətdə olduğu dövrlərdə yüksək postda təmsil olunmuş Rasim Ağayev mətbuata açıqlamasında Q.Həsənquliyevin, fikirlərinə münasibət bildirib:

"Vəzifədən, oturduqları yerdən sui-istifadə edib danışırlar. Bu olduqca qeyri-ciddi sözlərdir. Qüdrət Həsənquliyevdir, nə bilim kimlərdir, onlar nə danışdıqlarını özləri də bilmirlər. Əgər məlumatı varsa, əsaslı şəkildə danışsın, rəsmi müraciət etsin. Axı, söhbət ölkənin birinci prezidentindən gedir. Bura Afrika ölkəsi deyil ki, belə danışırlar. Bu, Afrika ölkəsində səslənən fikirlərə oxşayır. Azərbaycanda 1988-ci ildən başlayaraq, təxribatlar davam edir. Müsavat, AXC, ondan sonra yaranan BAXCP və digərlərinin hamısı təxribatla məşğul olan insanlardır. Elə buna görə də Azərbaycan bu günə qalıb. Ümumiyyətə anlamıram ki, bunlar nə demək istəyir, kimin sifarişi ilə danışırlar, nə ilə məşğuldurlar. Azərbaycanda nə qədər danışılası mövzular, problemlər var. Bunlar qalıb bir kənarda, başlayıblar boş-boş danışmağa. Ona sataşırlar, buna sataşırlar, təxribatdan danışırlar. Ən böyük təxribatçı elə özləridir"- deyə o, bildirib.

Rasim Ağayevin açıqlamasına münasibət bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı AzNews.az-a deyib ki, Ayaz Mütəlibovun verdiyi açıqlama cəfəngiyatdır: "Neçə yəni Rus qoşunları Qarabağı işğaldan azad edirdi? Ayaz Mütəlibov bu nağılı kimə danışır? Azərbaycan xalqı yaxşı bilir ki, Qarabağı məhz rus qoşunları işğal edib. O vaxt bunun qarşısı alınmışdırsa, sonradan niyə rus qoşunları Qarabağı azad etmədi? Bəli, BAXCP lideri acıq şəkildə bunların simasını ortaya qoyub, ona görə də, el arasında deyildidyi kimi, "göynüyürlər". Rasim Ağayevə gəldikdə isə, bu adam niyə narahat olur ki? Yoxsa indiki vəziyyətdə Rusiyanın agenturası işə düşüb? Bu adam "xışnikdir". Və birbaşa Rus agenturasının tör-töküntüləri fəallaşmaq istəyir. BAXCP AXC dövründə də olub, bu gün də var. Partiyamız daim Azərbaycanın milli maraqlarını qoruyub və heç vaxt nə Rusiyanın agenturasına boyun əyib , nə də başqa bir ölkənin. Biz belə adamları daim ifşa edəcəyik. Deyəsən, Ayaz Mütəlibov həqiqətən də məqam gözləyir. Bu adamlar unutmamalıdır ki, Azərbaycan xalqı bunların kim olduğunu çoxdan bilir. Ayaz Mütəlibov təzədən hakimiyyətə gəlmək istəyir".

Azər
AzNews.az