Qənimət Zahid iki nazirin onu məhkəməyə verməsindən danışdı

7 Mart 2013 09:30 (UTC+04:00)


Bəzi informasiya portallarında daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, hər iki nazir Q.Zahidə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Yasamal Rayon Məhkəməsindəki mənbənin dediyinə görə, nazirlərin məhkəməyə müraciət etməsinə səbəb "Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalədir.

Mənbə bildirib ki, fövqəladə hallar naziri K.Heydərov baş redaktorun Cinayət Məcəlləsinin 147.2 maddəsilə, daxili işlər naziri Ramil Usubov isə 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir. Məhkəmədə nazirlərin müdafiəçisi kimi vəkil Əlirza Həbilov çıxış edəcək. Mənbə onu da əlavə edib ki, bildiriş sənədləri yaxın günlərdə "Azadlıq" qəzetinə göndəriləcək.(azadlıq.info)

Xəbərin həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün "Azadlıq" qəzetnin əməkdaşı DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. DİN rəsmisi məlumatı təsdiqləyərək həqiqətən də məlum yazı ilə bağlı məhkəməyə müraciət olunduğunu bildirib.

Dünən axşam saatlarında isə "Azadlıq"ın baş redaktoru Qənimət Zahid iki nazirin onu məhkəməyə verməsinə münasibətini bildirib. Q.Zahid "Azadlıq" qəzetinin əməkdaşına bunları deyib:

"Təəssüf edirəm ki, iki nazir, dövlətin həyatında xüsusi əhəmiyyət daşıyan iki nazirliyin rəhbəri bir baş redaktoru xüsusi ittiham qaydasında məhkəməyə vermək qərarına gəlib. Bu, Azərbaycanda yeni arzuolunmaz praktikanın başlanğıcı deməkdir. Bütün dünya Azərbaycandan tələb edir ki, 147-148-ci maddələr Cinayət Məcəlləsindən çıxarılsın. Mənim bildiyimə görə, iki il əvvəl İlham Əliyev də Mətbuat Şurasındakı görüşdə bldirmişdi ki, həmin maddələr Cinayət Məcəlləsindən çıxarılacaq. İndi bu strateji əhəmiyyət daşıyan nazirliklərin rəhbərləri kimisə, konkret olaraq məni bu maddələrlə məhkəməyə verirsə, Azərbaycan hökuməti prezidentin simasında səsləndirdiyi bəyanatın səmimi olmadığını göstərir. Çalışacam ki, məhkəmədə iştirak edim. Hər iki nazirin ittihamlarına şəxsən cavab verməyə hazıram".

AzNews.az