Lent.az-ın məlumatına görə, Bakı Ağır Cianyətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xalidə Məmmədova deyib ki, klinikada mama-genekoloq işləyib: "Hazırda Gömrük Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz də əməliyyat edirdik. Nə qədər maaş aldığım yadımda deyil. Xəstənin sayından asılı idi. Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu".
Təqsirləndirilən şəxs Polad Əliyev bildirilib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olub, reallıqda isə aylıq 25 min manat alıb.
Samirə Tağıyeva da klinikada ginekoloq işləyib. O, ifadəsində bunları deyib: "Ayda iki dəfə kassada " tabel"ə qol çəkib Nadya xanımdan maaşımızı götürürdük. Xəstələr müayinələr və əməliyyatlar üçün kassaya pul köçürürdü. Mən əvvəl ödənişin 30, sonra isə 50 faizini alırdım. Bir dəfə demişdilər ki, maaş kartı açacaqdılar, amma nəticəni bilmədim. Mən artıq 3 ildir orada işləmirəm. Kartla da maaş almıram. Kart açılacağını ya Leyla xanım, ya da baş həkim demişdi. Burada təqsirləndirilən şəxslərdən kimsə mənə bu barədə bir söz deməyib".
Hakim bildirib ki, məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı verilib.
Proses fevralın 23-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəl verdiyi şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.
Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.
AzNews.az