“Ən çox əziyyət çəkdiyimiz iş peşəkar kloun tapmaqdır”

7 Mart 2013 11:02 (UTC+04:00)


- Bakı Dövlət Sirki martın 16-da "Büllur Fantaziya" adlı yeni proqramla çıxış edəcək. Bu dəfə proqramda hansı yeniliklər gözlənilir?

- Çox böyük və möhtəşəm proqram gözləyirik. Rusiyadan gələn truppa artıq sərhədə yaxınlaşır. Bu proqramda dünyada məşhur olan "Dəniz yırtıcıları" attraksionu nümayiş olunacaq. Bundan başqa, "Qonur və Himalay ayıları" attraksionu, meymunların maraqlı nömrələri, hava nömrələri, akrobatlar, musiqili ekssentriklər və klounlar təxminən 2 saatdan artıq çıxış edəcəklər.

- Biletlərin qiymətində dəyişikliklər gözlənilirmi?

- Biz artıq neçə illərdir çalışırıq ki, biletlərin qiymətini stabil saxlayaq. Əminliklə deyə bilərəm ki, dünyada sirk tamaşasına biletlər ən ucuz bizdədir. Dünyada bu qiymət 20 dollardan başlayırsa, bizdə ən yüksək qiymət 10 manatdır. Yeri gəlmişkən, onu da vurğulayım ki, bizdə bilet satışı qabaqcadan həyata keçirilir. Tamaşaçılardan xahiş edirik ki, bilet üçün kassalara bir neçə gün əvvəldən müraciət etsinlər. Biz proqramı minimum 20-25 tamaşaya görə gətiririk. Ona görə də biletlər əvvəlcədən satılır. Vaxt etibarı ilə gün ərzində 3 tamaşa nümayiş oluna bilir.

- Qiymətlər müqavilə bağlanan ölkə və proqramlara görə necə tənzimlənir?

- Proqramda 15-20 nömrə varsa, hər nömrənin çətinlik dərəcəsinə görə fərqli qiymətləri olur. Məsələn, təbii olaraq, şir təlimçisi ilə akrobatlar eyni məvacib almır. Biz nömrələri seçib, ümumi şəkildə müqavilə bağlayırıq. Ancaq çalışırıq ki, bunlar bilet qiymətlərinə təsir etməsin. Yeri gəlmişkən, proqramlar, artistlərin yol xərcləri, heyvanların gətirilməsi və proqram çıxışlarına görə xərclərin hamısını özümüz ödəyirik. İndiyə kimi bu xərclər üçün dövlətdən vəsait istəməyə ehtiyac olmayıb. Buna baxmayaraq, biz qismən dövlət büdcəsindən maliyyələşirik.

- İndi bir çox kino salonlarda biletlərin onlayn satışı həyata keçirilir. Siz bu sistemə keçmək barədə düşünmürsünüz?

- Nə qədər ki, Bakı Dövlət Sirki əsaslı təmir olunmayıb, bu məsələ haqqında danışmaq tez olardı. Yeri gəlmişkən, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev son çıxışlarında sirkin təmirinin diqqət mərkəzində olduğunu vurğulayıb. Sirkin əsaslı təmiri bizim imkanlarımız xaricindədir. Bu, dövlət tərəfindən həyata keçiriləcək.

- Yəqin, yeni sirk ustaları hazırlayan studiya açmağı da təmirdən sonraya saxlamısınız...

- Bəli, biz bu barədə demişdik. Bundan əlavə, sirk ustaları sirkin studiyası olsa da, olmasa da sirkin özündə yetişir. İstedad adətən, valideyndən övladlara keçir. Məsələn, azərbaycanlı, Rusiyanın əməkdar artisti Rafiq Əliyev uşaqları ilə birgə çıxış edir. O, həmişə deyir, mənim uşaqlarıma ən böyük cəza odur ki, onları bir gün sirkə buraxmayım. Ümumiyyətlə, Moskva istisna olmaqla dünyada sirk məktəbi yox dərəcəsindədir. Studiyanın yaranması üçün texniki imkanlar tələb olunur. Ona görə də, biz bunu təmirdən sonraya planlaşdırırıq.

- Daşınması çətin olan heyvanların ölkəyə gətirilməsində hansı problemlər yaşanır?

- Ümumiyyətlə heyvanların gətirilməsi çətin bir prosesdir. Proqram müəyyənləşəndən sonra biz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq İdarəsinə müraciət edirik. Onlar da bizim müraciətimizə əsasən, heyvanların gələcəyi ölkənin aidiyyəti qurumlarına müraciət edir ki, heyvanların gəlməsinə etiraz etmirlər, Azərbaycanda xəstəlik yoxdur və s. Onlar da sertifikat verir ki, heyvanlar sağlamdır, karantində qalıb və getməsinə etiraz etmirlər. Hər bir heyvanın öz sənədi olur və bu sənəddə ona aid bütün bilgilər göstərilir. Bütün bu proseslər bitdikdən sonra heyvanların daşınması prosesi başlayır. Bakıya 2005-ci və 2009-cu ildə fil gətirmişik. Məsələn, fillərdən daha çətini bu proqrama daxil olan dəniz yırtıcılarıdır. Onlar hovuzları olan xüsusi maşınlarda gətirilir. Bakıda da onlar üçün xüsusi hovuzlar hazırlanır və onların suyu da okean suyunun tərkibinə uyğunlaşdırılır.

- Rayonlarda yaşayan bir çox insanlar canlı sirkə baxmaqdan imkanından məhrumdur. Bölgələrdə sirk nümayişləri keçirməyi düşünürsünüz?

- Bir neçə dəfə rayonlardan müraciət olundu ki, guya, Bakı Dövlət Sirki hansısa rayonda çıxış edir. Peşəkarlıq səviyyəsi aşağı olan insanlar haradasa çıxış edərək, bizim adımızdan istifadə edirlər. Qeyd etmək istəyirəm ki, onların heç birinin Bakı Dövlət Sirkinə aidiyyəti yoxdur. Son illərdə bizim heç bir rayona qastrol səfərimiz olmayıb. Bizim proqramlar əhatəli və rəngarəng olduğundan rayonlarda çıxış etmək üçün münasib yer olmalıdır. Bundan başqa, heyvanların saxlanılması üçün də şərait olmalıdır. Üstəlik, elə yer seçmək lazımdır ki, proqramın maddi xərclərini qarşılamaq olsun.

- Olmazmı ki, rayonlarda asan nümayişlərdən ibarət nömrələrlə çıxış edəsiniz?

- Sirkdə asan heç nə yoxdur. Bəlkə də belə bir fakt sizi təəccübləndirəcək, amma sirkdə ən çətin nömrələr klounların üzərinə düşür. Bizim ən çox əziyyət çəkdiyimiz iş peşəkar kloun tapmaqdır. İndiki dövrdə belə klounlar çox az saydadır. Söhbət şadlıq evlərində uşaqları əyləndirən klounlardan getmir. Peşəkar kloun yaxşı akrobat, jonqlyor, müəyyən qədər təlimçi, musiqiçi, artist, müəyyən qədər psixoloq, kəndirbaz olmalıdır. Dünyada müxtəlif sirk nümayişlərini izləsəniz, görərsiniz ki, peşəkar klounlarda bütün bu elementlər özünü göstərir. Bu sahə incəsənətin yeganə növüdür ki, artistlər "xaltura" edə bilməzlər.

- Sirkdə çalışmaq üçün Bakı və ya bölgələrdən müraciətlər olur?

- Sirkdə işləmək üçün ən birinci sevgi lazımdır. Bu, elə bir sahədir ki, sevgi ilə bura gələn insanlar burdan çıxa bilmirlər. Biz bilirik ki, Bakı və rayonlarda çox istedadlı insanlar var. Hər hansı bir bölgənin kəndirbazları peşəkar sirkdə işləyə bilməzlər. Fərdi şəkildə fəaliyyət göstərənlərin çıxışları arena üçün yox, səhnə üçündür. Biz onları sirkdə nümayiş etdirə bilmərik. Məsələn, bir sehrbaz sirli elementlərini səhnədə gizlədə bilir, amma arenada bu mümkün olmaya bilər. Bizdə sirkə sevgi ilə gəlib, yetişən artistlərimiz var. Studiya açılanda da müraciətlər olacaq.

- Əsasən hansı ölkələrlə əlaqələriniz var?

- Dünyanın ən böyük sirk ölkəsi Rusiyadır. Əksər Avropa ölkələrinin truppalarında iştirak edənlər də əsasən, rus artistləridir. Bu ölkə ilə əlaqələrimiz genişdir. Son illər bir çox ölkələrlə əlaqələrimiz genişlənib. Ukrayna, Belarus, Orta Asiya ölkələri ilə əlaqələrimiz var . Təmirdən sonra da bir çox ölkələrlə əlaqə yaradacağıq. Hər hansı truppa ilə müqavilə bir proqramlıq olur. Bu da təxminən, bir ay və ya ay yarım çəkir. Son illər Bakı Dövlət Sirkinin imicini qaldırmışıq. Əvvəllər biz özümüz axtarıb, müraciət və xahiş edirdiksə, artıq bəzi ölkələr özləri zəng edirlər.

- Bu gün fəxr edə biləcəyimiz Azərbaycan sirki formalaşıbmı?

- Azərbaycan sirkinin artistləri harada çıxış ediblərsə, bizim adımızı uca tutublar. Azərbaycan artistlərinin yüksək səviyyəli nömrələri var və yeniləri də yaranmaqdadır. Azərbaycan sirki formalaşıb, sadəcə onlar ayrı-ayrı ölkələrdə fəaliyyət göstərir. Tamaşaçı bir nömrəyə bir və ya iki dəfə baxır. Ondan sonra yeni tamaşa istəyir. Sirk ustaları bir nömrəni hazırlamaq üçün illərini sərf edir. Ona görə də tamaşaçılarımız üçün müxtəlif ölkələrin truppalarını dəvət edirik. Məsələn, azərbaycanlı sirk ustası Murad Abdullayevin iki nömrəsi var və janrına görə çox gözəldir. Biz o nömrəni bir dəfə nümayiş etdirmişik. Bir neçə ildən sonra isə nömrə yenidən nümayiş olunub. Bundan başqa, begemotlarla işləyən Tofiq Axundov, hava nömrələrində yetişən gənclər, akrobatlar, İtaliyada çıxış edən klounumuz Rüstəm Quliyev və s. qeyd edə bilərəm. Biz Azərbaycanın sirk artistlərini iki dəfə proqram şəklində Bakıya dəvət etmişik. Onlar Bakı Dövlət Sirkinin binasının istifadəyə verilməsinin 40 illiyində "Biz Bakıdanıq - 1" və "Biz Bakıdanıq - 2" adlı proqramlarda çox gözəl çıxışlar ediblər. Sirk ustalarımız müxtəlif ölkələrdə fəaliyyət göstərdikləri üçün biz onları bir yerə yığmağa iki il vaxt sərf etdik.

AzNews.az