Sərdar Cəlaloğlu YAP-çı deputata savadsız dedi
7 Mart 2013 13:20 (UTC+04:00)
"Siyasi dialoqun nə tərəfləri, nə də predmeti eyni cəbhədə dayanan siyasi qüvvələr ola bilməz. Bu, tamamilə əsassızdır və siyasi savadsızlıqdan irəli gəlir"
Bu sözləri AzNews.az ADP sədri Sərdar Cəlaloğlu YAP Siyasi Şurasının üzvü, deputat Siyavuş Novruzovun iqtidar-müxalifət dialoqu barədə ittihamına cavab olaraq deyib. Qeyd edək ki, hakim partiya təmsilçisi müxalifət nümayəndələrini öz aralarında dialoq qurmamaqda ittiham edib. ADP sərdinin fikrincə, bu cür yanaşmalar cəmiyyətdə siyasi münasibətlərin hansı səviyyədə olduğunu göstərir:
"Məsələn, Siyavuş Novruzov siyasi dialoqun nə olduğunu bilsə, belə bir fikir də söyləməz. Siyasi dialoq politologiyada əks cəbhədə duran qüvvələr arasında hər hansı bir formada əməkdaşlığa aparan yoldur. Müxalifətin özü bir cəbhə təşkil etdiyinə görə, onların arasında aparılan müzakirələrin, proselərin siyasi dialoqa aidiyyatı yoxdur və siyasi dialoq kimi dəyərləndirilə də bilməz. Bu sadəcə olaraq müxalifətin birlik məsələsidir və onun formalaşdırılmasını da siyasi dialoq kimi dəyərləndirilmək mümkün deyil. Çünki yüz siyasi partiya olsa da belə onların hamısı siyasi hadisənin bir tərəfidir. İqtidar isə tək olmasına baxmayaraq hakimiyyəti təmsil etdiyinə görə siyasi hadisənin digər tərəfini təşkil edir. Siyasi dialoqun nə tərəfləri, nə də predmeti eyni cəbhədə dayanan siyasi müxalifət ola bilməz".
"Siyavuş Novruzovun məntiqi ilə yanaşanda onda ərlə arvadın arasındakı danışıqları da, əlaqəni də gərək siyasi dialoq kimi qiymətləndirək"-deyən S.Cəlaloğlunun sözlərinə görə, S.Novruzov siyasi dialoqun mahiyyətini dərk etmədiyindən dialoqu belə bir formada dəyərləndirir.
Gültəkin
AzNews.az