Azərbaycanda dilənçiliklə məşğul olan 455 azyaşlı müəyyən edilib

7 Mart 2013 15:41 (UTC+04:00)
Azərbaycanın polis orqanları 2012-ci ildə məktəblilər arasında bir sıra profilaktik tədbirlər həyata keçirib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci ilə dair hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, terrorçuluq barədə yalan məlumatların daha çox məktəblilər tərəfindən verilməsi baxımından, Təhsil Nazirliyinə istiqamətləndirici məktublar göndərilib. Ərazi polis orqanları tərəfindən ümumtəhsil, orta ixtisas, texniki peşə məktəblərində, ali təhsil və əyləncə müəssisələrində profilaktik, habelə yetkinlik yaşına çatmayan, çətin tərbiyə olunan uşaqlar arasında maarifləndirmə işi aparılıb. Görülmüş tədbirlərin nəticəsi olaraq infrastruktur obyektlərinə "partlayıcı qurğu" qoyulması barədə məlumatların sayı ilbəil azalıb, (2009-cu ildə 122 məlumat daxil olmuşdusa, 2012-ci ildə bundan 4 dəfə az – cəmi 32 belə zəng qeydə alınıb) ümumilikdə son 4 ildə həmin faktlarla bağlı 118 cinayət işi başlanıb.

Bundan əlavə, yerli icra hakimiyyəti, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ərazi strukturları ilə 145 reyd, monitorinq və yoxlama keçirilib. Hüquqpozmalara məruz qalmış 81, qeyri-qanuni əməklə məşğul olan 79, təhsildən və pedaqoji mühitdən yayınan 600 azyaşlı müəyyən edilərək, hər biri barəsində inzibati tənbeh və ictimai təsir tədbirlərinin görülməsi təmin edilib.

Aparılmış reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilib. Aparılmış yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onlara hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilib.

AzNews.az