“Qənimət Zahidin məhkəməyə verilməsi çox ciddi təhlükədir”

7 Mart 2013 16:59 (UTC+04:00)
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı martın 7-də "Media forum" saytına deyib ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməyə verilməsi ifadə azadlığına çox ciddi təhlükədir: "Nazirlər Ramil Usubov və Kəmaləddin Heydərov şikayət ediblər ki, qəzetdə gedən bir yazıda onlara böhtan atılıb, şərəf və ləyaqətləri alçaldılıb. Bu şikayət əsasında Qənimət Zahidə Cinayət Məcəlləsinin bədnam 147-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iş qaldırıla bilər. Halbuki hakimiyyət nümayəndələri hər yerdə, hər zaman Azərbaycanda diffamasiyaya görə cinayət qanunlarının tətbiq olunmadığını bəyan edirlər".

Rəşid Hacılı mətbuat və söz azadlığı hüququna bu cür yanaşmanın yolverilməz olduğunu vurğulayıb: "Bütün dünyada böyük bir kampaniya gedir ki, sözə görə həbs cəzasının tətbiqi yolverilməzdir və bununla bağlı cəzalar ləğv olunmalıdır. Azərbaycan hakimiyyəti də bunu edəcəyinə söz vermişdi, məmurlar deyirdilər ki, artıq biz bu qanunu tətbiq etmirik. Ancaq yüksək vəzifə sahiblərinin belə bir addım atması göstərir ki, qeyri-rəsmi moratorium pozulub".

Media Hüququ İnstitutunun rəhbəri hadisənin Avropadan yayımlanan "Azərbaycan saatı" verilişi, Qənimət Zahidin həmin verilişdəki fəaliyyəti ilə bağlı olduğunu istisna etməyib: "Qənimət bəy Azərbaycanda yoxdur. Amma şikayət ərizəsində yazı müəllifinin yox, onun cəzalandırılması tələb olunur. Bu, əsas hədəfin məhz Qənimət Zahid olması barədə şübhələri artırır".

Martın 7-də Media Hüququ İnstitutu bəyanat yayaraq Ramil Usubovu və Kəmaləddin Heydərovu tanınmış tənqidçi jurnalisti həbs etdirmək niyyətindən geri çəkilməyə səsləyib. Media Hüququ İnstitutu həmçinin hökuməti ən qısa zamanda diffamasiya qanununu hazırlayıb qəbul etməyə çağırıb.

AzNews.az