Amerika Birləşmiş Ştatlarında respublikaçı senator Rand Pol prezident Barak Obama tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərinin təyin olunmasına etiraz olaraq, təyinatı gecikdirmək məqsədilə Senatda 13 saat boyunca çıxış edib. Senator pilotsuz təyyarələrin ABŞ ərazisində istifadə olunub-olunmaması bağlı məsələdə Ağ Evin mövqeyinin qeyri-müəyyənliyinə etiraz olaraq, uzun müddət çıxış etməklə MKİ rəhbəri vəzifəsinə namizəd Con Brennanın təyinatı ilə bağlı Senatdakı səsverməni bir gün gecikdirə bilib.
Qeyd edək ki, ABŞ Senatının qaydalarına uyğun olaraq, heç bir senatorun çıxışı öz istəyi olmadan kəsilə bilməz. Onu da nəzərinizə çatdıraq ki, Senatın fəaliyyətini ləngidən ən uzun çıxış 1957-ci ildə baş tutub. O zaman senator Strom Törmond "Mədəni hüquqlar Qanunu"na etiraz əlaməti olaraq, 24 saat 18 dəqiqə çixiş etmişdi.