Üç ailənin yaşadığı ev yandı

7 Mart 2013 17:36 (UTC+04:00)
Azərbaycanın Lerik rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Lerik Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 7-də saat 13.00 radələrində rayonun Lüləkəran kənd sakinləri - 1984-cü il təvəllüdlü Elçin Naib oğlu Həbibova, 1972-ci il təvəllüdlü Zülfüqar Feyzulla oğlu Babayevə və 1973-cü il təvəllüdlü Ənvər Qəzənfər oğlu Məmmədova məxsus birgə yaşayış evində qeydə alınıb.

Hadisə yerinə vaxtında çatan yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 144 kv. m olan birmərtəbəli yaşayış evinin dam örtüyü 20 kv. m sahədə yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.