Mehriban Əliyeva Roma Opera Teatrında - VİDEO

7 Mart 2013 18:00 (UTC+04:00)
Roma Opera Teatrında Cuzeppe Verdinin "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni təqdimatının nümayişi olub. AzərTac-ın xəbərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva operanın yeni təqdimatının premyerasında iştirak edib.

Mehriban Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşılayıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər siyasi-ictimai şəxsləri ilə görüşüb. Azərbaycanla İtaliya arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunan görüşdə Heydər Əliyev Fondunun ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb.

Günün sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri tərəfindən şam yeməyi verilib.