Xanım millət vəkillərindən maraqlı təbriklər

8 Mart 2013 09:54 (UTC+04:00)
Bu gün 8 mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün ənənəyə uyğun olaraq hər bir qadın əks cinsdən diqqət, sevgi və əlbəttə ki, hədiyyə gözləyir. Qadın millət vəkillərimiz də bu gün Azərbaycan xanımlarını təbrik edib, onlara arzularını bildiriblər.

Millət vəkili Jalə Əliyeva Publika.Az-a açıqlamasında bildirib ki, qadın kişi üçün əhəmiyyətli varlıqdırsa, bu əhəmiyyəti hər gün, hər saat hiss etdirmək lazımdır:

"8 mart gözəl gündür. Tarixini bilənlər bilir ki, bu günün birbaşa qadın günü ilə əlaqəsi yoxdur. Bu bayram inqilabçı, kommunist ideyaları ilə bağlı olan qadının - Klara Setkinin şərəfinədir. Əlbəttə, artıq bütün dünyada 8 mart qadınlar bayramı kimi qəbul olunub. Şəxsən mən düşünürəm ki, ilin 364 gününü gözləyib, 365-ci günündə qadını anmaq, hörmət göstərmək, hədiyyə almaq və əlini öpmək absurddur".

Bu günün onun üçün təqvimdəki digər günlərdən fərqi olmadığın deyən millət vəkili 8 martı sevdiklərinin, ətrafının əhəmiyyəli etdiyini vurğulayıb:

"Bu gün mənim adımı anan, hörmət edən insanlara əsla sayğısızlıq etmərəm. Məni təbrik etmək ehtiyacı hiss edən, bununla məni sevindirməyə çalışan hər bir insana təşəkkürlərimi bildirirəm. Amma inanın ki, bunu etməyən insanlara da münasibətim dəyişmir. Çünki mən münasibəti digər günlərdəkinə görə ölçürəm".

Millət vəkili Gövhər Baxşəliyeva isə xanımlarımıza ilk olaraq can sağlığı arzulayıb:

"Sevdiklərinin, övladlarının, nəvələrinin xoşbəxtliyini görsünlər. Qadınlarımızın ən ülvi arzuları həyata keçsin. Mən xüsusilə qaçqın-köçkün xanımlarımızın bayramını təbrik edirəm. Gün o gün olsun, bu bayramı onlar öz yurd-yuvalarında qeyd etsinlər. Qarabağ bizim ən böyük problemimizdir. Mən bu problemin həllini arzu edirəm. Bütün gözəl bayramları elə orda qeyd edək".

Gövhər xanım bildirib ki, onun üçün ən böyük hədiyyə nəvəsinin alacağı hədiyyədir:

"Həmişə oğlum, qardaşlarım, balaca nəvəm və gəlinim təbrik edir. Ancaq nəvəmin hədiyyəsi mənim üçün çox böyük sevincdir".