Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardınca Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini
Xalid Məcidov açaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, Dağlıq Qarabağ problemindən, bu münaqişənin tərkib hissəsi olan Xocalı soyqırımından danışıb. Bildirib ki, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı qətliamı Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyub. Direktor müavini qeyd edib ki, Ermənistanın hazırkı və keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, təxribatçı Zori Balayan və digərlərinin baş vermiş soyqırımın günahkarları kimi gec-tez beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər.
Kollecin tarix müəllimi
Fəqumə Fərəcova Azərbaycan xalqının, dövlətimizin Xocalı faciəsini heç vaxt unutmayacağını diqqətə çatdırıb. Bildirib ki, Ermənistan silahlı birləşmələri 366-cı rus motoatıcı alayının köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərini işğal edib, bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisinə qarşı misli görülməmiş vəhşilik törədiblər. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov götürülüb. 150 nəfər Xocalı sakininin taleyindən bu günə qədər məlumat yoxdur. Faciə zamanı Xocalının 487 sakini əlil olub. Yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilib, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.
Tarix müəllimi F.Fərəcova vurğulayıb ki, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Çıxışlardan sonra tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam etdirilib. Bədii hissədə Xocalı faciəsinə dair video-çarx nümayiş olunub. Tələbələr şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, bədii kompozisiya təqdim ediblər.