CAR-la əməkdaşlıq imkanları müzakirə edilib - Foto

28 Fevral 2018 19:00 (UTC+04:00)

AzNews.az İqtisad Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan və Cənubi Afrika arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

50-ə yaxın Azərbaycan sahibkarının iştirak etdiyi görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Cənubi Afrika Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefane ölkələrimiz arasındakı əlaqələr, CAR-ın iqtisadiyyatı, əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində Cənubi Afrikanın investisiya və biznes imkanlarına dair video-çarx nümayiş olunub, CAR-ın iqtisadi potensialı azərbaycanlı sahibkarların diqqətinə çatdırılıb.

Sonra AZPROMO ilə Cənubi Afrika Respublikasının Türkiyədə və Azərbaycandakı Səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, iş adamlarının sualları cavablandırılıb.