“Bulaq işi”nə görə həbs edilənlərə hökm oxunub

1 Mart 2018 11:33 (UTC+04:00)

Oxu.Az-ın məlumatına görə, 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahlı insident baş verib.

Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev “Makarov” markalı tapançadan açılan atəşlər nəticəsində yaralanıblar, Süleyman Abdullayev isə bıçaqlanıb.

Hər iki yaralını dostları Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “City Hospital”a gətirsələr də, 1-2 saatdan sonra araşdırmaya başlayan Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin əməkdaşları yaralıların Kliniki Tibbi Mərkəzə köçürülmələrini təmin ediblər. Hadisə yerinə baxış zamanı beş ədəd giliz və qan nümunələri götürülüb,

Qeyd edək ki, polisə insident haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. İş ondadır ki, onun istifadəsində olan “Chevrolet” markalı avtomaşın restoranın yanında parklanıb, Hoqan özü isə səfirin evində qonaq olub. Açılan atəşlərdən biri maşına dəysə də, xoşbəxtlikdən sükan arxasında əyləşən sürücüdən yan keçib.

İş üzrə ibtidai istintaq Bakı şəhər Prokurorluğu tərəfindən aparılıb.

Məhkəmənin hökmü ilə S.Allahyarov 10 il, F.Əsgərov səkkiz il, T.Qaramizadə yeddi il, H.Hüseynov 4 il 6 ay, B.Rəfiyev və M.Cəfərov dörd il, S.Abdullayev, A.Vəliyev və M.Tağıyev üç il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Xatırladaq ki, məhkəmə prosesi ötən il fevralın 17-də başlayıb.

AzNews.az