“Nalbandyan Ermənistanın uğursuz xarici siyasətinə yalanlarla bəraət qazandırmağa çalışır”

2 Mart 2018 14:15 (UTC+04:00)

Bu sözləri APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və prinsipləri hər kəsə bəllidir, münaqişə BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir: “Azərbaycan əleyhinə hərbi təcavüzün və etnik təmizləmənin məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan xarici işlər nazirinin bu iddiasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Bu kimi lüzumsuz propaqanda ilə məşğul olmaq əvəzinə Ermənistan tərəfinin münaqişənin həlli üzrə substantiv və məntiqi danışıqlarda ciddi və məsuliyyətlə iştirak etməsi daha faydalı olardı”.

AzNews.az