“Məhv edilmiş türkoloji” kitab Azərbaycan dilində

2 Mart 2018 18:07 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, “Məhv edilmiş türkoloji” kitabının əsas müstəsnalığı onun rus dilçi alimləri tərəfindən yazılmasıdır. F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov tərəfindən yazılan kitab beş fəsildən ibarətdir. Bu fəsillərdə A.N.Samoyloviçdən, Y.D.Polivanovdan başlayaraq Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavidə qədər repressiyaya məruz qalan şəxsiyyətlər haqqında arxiv və istintaq materialları əsasında məlumat verilir. “Məhz bütün bunları nəzərə alaraq kitabın “Türkologiya” jurnalının seminar üzvləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq təqdim etməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə E.İbrahimov bildirib.

O, “Türkologiya” jurnalının nəzdində fəaliyyət göstərən seminarın jurnalın baş redaktoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradıldığını qeyd edib. Seminarın ilk toplantısının akademik K.Abdullanın moderatorluğu ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunduğunu söyləyib. E.İbrahimov 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayının əhəmiyyətindən, onun türk dünyasında sonrakı proseslərə təsirindən söz açıb.

“Türkologiya” jurnalının nəzdində yaradılan seminarın əsas məqsədi türkologiya elminin nailiyyət və problemlərini görkəmli türkoloqların iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə görüşdürmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdir.