AzNews.az Virtual.az-a ristinadən xəbər verir ki, bu haqda "Ekenomist" qəzeti yazır.
2017-ci ilin sonlarına yaxın artıq özünü “İslam Dövləti” adlandıran ekstremist təşkilat tamamilə dağılmışdı. Bundan başqa, bir-birini öldürməklə məşğul olan Əsəd qüvvələri və qiyamçılar da qətlləri dayandırmışdılar.
Hətta Əsədi müdafiə etmək üçün münaqişəyə müdaxilə etmiş Rusiya da bildirirdi ki, onun hərbi missiyası "əsasən başa çatıb". Prezident Putin Rusiya qoşunlarının əksər hissəsini vətənə qaytarmaqdan danışırdı. Amma elə həmin andan da sakitlik pozulub.
Türkiyə kürd qüvvələri ilə döyüşmək üçün sərhəd bölgələrinə qoşun göndərib. Amerikalılar rusları öldürüblər. İsrail və İran arasındakı gərginlik yenidən tarıma çəkilib. Yaxşı, bəs Suriya müharibəsi niyə yenidən qızışır?
Cavab qismən belədir ki, İD (İŞİD) iflasa uğrayıb və onun nəzarətindəki torpaqlar boşalıb. Ötən oktyabrda İD-in - bu əldəqayırma xilafətin paytaxtı Raqqa Suriya Demokratik Qüvvələrinin (SDQ) əlinə keçib. Əsasən kürdlərdən ibarət SDQ-dən amerikalılar İŞİD-lə mübarizə aparmaq üçün istifadə edirdilər. İD-in əlindən çıxmış əraziləri yenidən nəzarətə götürmək istəyən Əsəd qiyamçılarla atəşkəs elan edib.
Ötən dekabradək Bəşər Əsəd qüvvələri Fərat çayının qərbindəki, SDQ isə şərqindəki ərazilərə nəzarəti ələ alıblar. Amma elə bu anda hökumət qoşunları yenidən qiyamçılar üzərinə hücuma keçib. Fevral ayında Dəməşqin Quta ərazisi hökumət aviasiyası tərəfindən intensiv bombardman edilib.
İŞİD-in iflası böyük güclər arasındakı fikir ixtilaflarını artırıb. Onların hamısı Suriyanın gələcəyi məsələsində söz sahibi olmaq istəyir.
Ötən yanvar ayında ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, Amerika qoşunları İD təhlükəsi tamamilə aradan qalxana və münaqişəyə siyasi həll tapılanadək Suriyanın kürdlərin nəzarətində olan ərazilərində qalacaq. Öz növbəsində bu, NATO üzvü olan Türkiyəni qəzəbləndirib. Ankara ABŞ-ın Suriyadakı müttəfiqi olan YPG qüvvələrini terrorçu hesab edir.
Tillersonun bəyantından bir neçə gün sonra Türkiyə Suriyanın şimalında kürd YPG-nin nəzarətində olan Afrin bölgəsinə hərbi müdaxilə edib. Rəcəb Tayyib Ərdoğan habelə Türkiyə qoşunlarının Suriyanın başqa bir şəhəri - Mənbicə hücum edəcəyi ilə hədələyib. Belə bir vəziyyət NATO-nun iki üzvü arasında real toqquşma təhlükəsi yaradır.
Amerikanın Suriyada qalmaq niyyətindən ruslar da əsəbiləşiblər və Türkiyənin Afrinə hücumunu dəstəkləyiblər. Belə görünür ki, Amerikanın Suriyada qalmaq niyyətinin ciddiliyini sınamaq istəyən Kreml özünün Suriyadakı muzdlu döyüşçülərinə Amerikanın himayəsində olan bazaya hücum etmək əmrini verib. Bu sınaq çox sayda rus əsgərin ölümü ilə nəticələnib.