Türkün sözü erməni-gürcü lafında

9 Mart 2013 12:01 (UTC+04:00)
Niyazi Mehdi

Rusiyada Qafqaz qadınları

Rusların media dünyasında iki rəmzi qadın var, biri Tina Kandelakidir, o biri "Russia today" telekanalının baş redaktoru Marqarita Simonyan. Öncələr Tina Kandelaki Kseniya Sobçakla qoşa gəzirdi, sonra aralarında nə oldusa, ayrıldılar. İndi o, NTV-nin "Dəmir ledilər" tok şousunda Marqarita Simonyanla qoşalaşıb. Bir söz demirəm, ancaq kaş bizim də Rusiyada belə rəmzləşmiş media kadrlarımız olaydı. Düzdür, bir İradə Zeynalovamız var, ancaq zorla tapmaq olur ki, azərbaycanlıdır. Tina Kandelaki kimi onun da səsi və danışıq manerası ürəyə yağ kimi yayılmır, ancaq İradə peşəkarlığı ilə götürür, Kandelaki utanıb-qızarmaq bilməyən fəallığı ilə. "Utanıb-qızarmaq bilməyən" kəlməsini bizim ağbirçək arvadlar kimi demirəm, yəni emansipasiya olmuşluğun alışdığımız abır-həya sınırlarını aşmasını bildirmək üçün deyirəm. Noolsun, bizim də belə qadınlarımız var. Məsələn, Nuridə Atəş. Ancaq yazıqlar olsun ki, onların tanınma miqyası Azərbaycan boydadır.

Söhbətimin erməni konteksti

Mən deyəsən, yazını elə başladım ki, sanki bu dəqiqə anti-erməni, anti-femin deyimlər püskürəcəm. Ancaq bu amplua mənlik deyil, axı. Məsələyə toxunuram nəsə bilgi qığılcımları almaq üçün.

Ötən həftələr Rusiya ilə bağlı bir fakt məni düşündürdü. Fyodor Bondarçuk xatirələrində bizim rejissor Fuad Şabanovun adını çəkmişdi, ancaq bu xatirədə Tiqran Keosayanla ilgili daha informativ parça vardı. Demə, Qarabağla bağlı erməni hərəkatı başlayanda bu Moskva ermənisi "Jiquli"sinin üstünü "Qarabağ bizimdir" yazısı ilə doldurmuşdu.

Qadınların söhbətində iki söz

Bax, bütün bu psixoloji kontekstdə "Gecə Urqantı" verilişinə baxanda ora dəvətli olan Marqarita Simonyanı və Tina Kandelakini gördüm. Çox uğurlu adam qırımında idilər, deyirdilər, gülürdülər, bəzi zarafatları yaxşı alınırdı, bəziləri elə-belə. Əsas odur ki, onlar danışıqlarında rusiyalılıqları ilə yanaşı, erməni simvolunu oynadırdılar. Sonra bəlli oldu ki, Tina Kandelakinin anası ermənidir. Vikipediada var ki, anası yarı türk qızı da ola bilər, atası isə yunan soylu gürcü əsilzadələrindəndir. Hər halda verilişdə Kandelaki ilə ilgili erməni mənsubiyyəti işləndi. Sonda Urqant soruşdu ki, siz iki rəfiqə bir-birinizi necə çağırırsınız? Marqarita Simonyan söylədi ki, mən ona "cana" deyirəm. Tina Kandelaki isə qayıtdı ki, mən ona "bala" deyirəm.

Situasiyanın yozumu

Özümlə heç nə edə bilmirdim. Mentalitetimə yaraşmasa da, bu iki qadının hərəkətlərinə, danışıqlarına bizə acıq verən, bizimlə kontrastda özlərini rus mədəniyyətinə daha doğma göstərən eyləmlər görürdüm. Nə etməli, erməni-azəri konflikti hər yerdə bilinclərimizi izləyir.

Ancaq məni son düşündürən bu iki söz oldu. "Can" bizə nə qədər doğma olsa da, ermənilərdə və farslarda da işləkdir. Türk uluslarının çoxunda var, İran dillilərində də eləcə. "Canı çıxdı" kimi cümlələrdən bilindiyi kimi, bizdə ermənilərdən daha geniş işlənir, deməli, bizə daha doğmadır, ancaq farslarla bağlı bunu demək mənə çətindir. Hərçənd o biri yandan, erməni dili fars dilinin uzaq qohumlarındadır. Bu şübhəli durumun "bala" sözü ilə ilgisi yoxdur. Deməli, iki qadın ki, erməni mehribançılığını, birgəliyini vurğulayan, oynadan danışıqda idilər, özləri də bilmədən azərbaycanlı dünyası üçün doğma olan sözlər işlədirdilər. Özəlliklə "bala" sözü məni tutmuşdu. Sayın oxucu, mən "dolma kimindir", "kotlet kimindir" tipində bayağı dartışma qurmaq üçün yazmıram. Sadəcə, Qafqazın üç ulusunun rəqabəti, göz götürməməsi şəraitində "bala" sözünün hamıya doğmalığını göstərirəm.

Əsas sual isə odur ki, nədən gürcülərə "bala" belə etgi göstərib ki, götürüblər? Axı, sözün nə səslənməsinə, nə anlamına görə şirinliyi, dərinliyi var. Görünür, türklərdə "bala" sözü ilə əzizləmə səhnələri gürcülər üçün elə təsirli solub ki, axırda o sözü onlara sevdirib. Bundan çox önəmli ideya çıxarıram: bir ulusun sözünü başqasına dil yox, həmin sözün situasiya konteksti də sevdirə bilər. Məsələn, "Tı kto takoy? Davay, dosvidaniə" deyimini ruslara, gürcülərə meyxana situasiyası sevdirmiş oldu.