"Bir də gördüm, bütün barmaqları ağzımdadır" - “Keşlə”nin müdafiəçisi

5 Mart 2018 19:48 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Keşlə”nin müdafiəçisi Slavik Alxasov deyib.

Topaz Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə komandasının qələbə qolunu vuran futbolçu oyunla bağlı fikirlərini açıqlayıb:

“İlk dəqiqələrdən oyuna yaxşı başladıq və hesabı açdıq. Amma sonra öz səhvimizdən qol buraxdıq. İkinci hissədə “Zirə” üstünlüyü ələ almışdı. Amma elə oldu ki, qələbə topunu biz vurduq. Ancaq qorxurdum ki, birdən son dəqiqələrdə qol buraxarıq. Səbirsizliklə hakimin final fitini gözləyirdik”.

Dünənki oyunda dili qatlanan Alxasova ilk müdaxiləni “Zirə”nin ehtiyat qapıçısı Kamal Bayramov edib. Həmin anları xatırlayan müdafiəçi hazırda özünü yaxşı hiss etdiyini söyləyib: “Rəqiblə toqquşmadan sonra göydən yerə çırpıldım. Ürəyim bulanmağa başladı, çox qorxdum. İlk olaraq, ailəmi fikirləşdim. Bir anda huşumu itirmişəm. Naşatırın iyisinə oyandım. Bir də gördüm ki, Kamalın bütün barmaqları ağzımdadı (gülür). Sağ olsun, dilimi tutub ki, qatlanmasın. Oyundan sonra da halım yaxşı deyildi. Ürəyim hələ də bulanırdı. Dünən həkim nəzarətində olmuşam. İndi yaxşıyam”.