AzNews.az xəbər verir ki, 2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.
Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.
Sərəncamda qeyd olunur ki, milli mədəniyyətin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Həsən Turabovun 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Həsənağa Turabov 1938-ci il mart ayının 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb."Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Dantenin yubileyi" "Qəm pəncərəsi, "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olmuşdur. Onun son çəkildiyi filmlər "Ailə" və "Nə gözəldir dünya" filmləri olmuşdu.
2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
