Səyyad Aran: “Türkiyə tərəfi sərhədlərin açılmasını istəyir...”

9 Mart 2013 14:15 (UTC+04:00)
"Birmənalı şəkildə Türkiyə arxamız, qardaşımız, dostumuz və bizə ən yaxın, doğma olan ölkədir. Ayrı-ayrı dövlət rəhbərlərinin cızıqdan çıxan ifadələri o qədər də nəzərə alınmamalıdır. Çünki bu, bütövlükdə türk millətinin mövqeyi deyil".

Bunu AzNews.az-a Azərbaycanı Türkiyədə Baş Konsul statusunda təmsil etmiş Səyyad Aran deyib. Onun sözlərinə görə zaman-zaman ayrı-ayrı dövlət rəhbərlərinin səsləndirdiyi bəzi xoş olmayan ifadələr siyasi xallara hesablanmış hərəkətlərdir. Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Azərbaycan tərəfinin vəziyyəti daha həssasdır:

"Türkiyə tərəfi sərhədlərin açılmasını birmənalı şəkildə istəyir və bu barədə dəfələrlə Azərbaycan dövlətinə müraciət də edib. Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan xalqına qarşı ağır bir zərbə olar. Mən Türkiyə dövlətinin bu sahədəki mövqeyini alqışlayıram. O sərhədlər Dağlıq Qarabağ problemi həll edilməyənə qədər açılmamalıdır. Sürix protokolları imzalansa da xalq tərəfindən seçilmiş millət vəkilləri xalqın rəyinin ifadəçisi olaraq bu protokolları ratifikasiya etmədi. Yəni parlament türk xalqının iradəsini yerinə yetirdi".

Sabiq konsul hesab edir ki, Ermənistanla sərhədlərin açılması işğalçı dövlətə kifayət qədər sərbəstləşmə imkanı yaradacaq, blokadadan çıxaraq rahat nəfəs alacaq: "Türkiyə ilə Ermənistan arasında dövlət səviyyəsində əlaqələr yoxdur. Sərhədlərin açılması isə dövlətlərarası əlaqələrin inkişafına əsas yaradır. Türkiyə prezidenti Abdulla Gülün Ermənistanda keçirilən prezident seçkilərindən sonra Serj Sarkisyanı təbrik etməsi isə bir diplomatik jest olub".

Gültəkin
AzNews.az