Lənkəranda 22 ədəd top mərmisi tapıldı

7 Mart 2018 20:17 (UTC+04:00)

AzNews.az Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ferma sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi (16 ədəd BK-13 və 6 ədəd OF-8) aşkar olunub, daşınması mümkün olmadığına görə 07 mart 2018-ci il tarixində yerində zərərsizləşdirilib.

Aşkar olunmuş mərmilərin ətrafında 600 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 07 mart 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 7 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilib, 1074 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 25 615 kv.m ərazi yoxlanılıb.