Özünü yandıran qız danışdı: “Polis alışqanı mənə verib, dedi ki...“

10 Mart 2013 11:22 (UTC+04:00)


"Martın 6-da Gəncə Yerli İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyevin qohumları, müavini və oğlu evimizi uçurtmaq istədilər. Qoymadıq. Səhəri gün yenə gəldilər. Anam özünü yandırmaq istədi, imkan vermədilər. Daha sonra evimizi uçurduqlarını görüb benzini üstümə töküb özümü yandıracağımı dedim". Bu sözləri "Yeni Müsavat"a martın 7-də Gəncədə torpağa görə özünü yandıran Almaz Kərimova deyib. Vəziyyəti orta ağır olar 15 yaşlı qız Bakıdakı 5 nömrəli xəstəxanada həmin olay barədə danışıb.

"Alışqanı verib dedilər, yandır görək..."

Almaz Kərimova bildirir ki, bundan öncə evlərini qanunsuz tikili adı ilə uçurublar: "Torpağımızla bağlı bir neçə məhkəmə prosesi keçirilib. Evsiz küçədə qalmışdıq. Məcbur olub Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında məskunlaşdıq. Saxta sənədlərlə torpağımızı əllərinə keçirə bilmədilər. Biz yenidən torpağımıza qayıdıb kiçik bir alaçıq düzəldərək orada məskunlaşdıq. Lakin yenə də bizi rahat buraxmadılar. Demək olar ki, hər gün Gəncə Yerli İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyevin adamları evimizə gələrək bizə təzyiq göstərirdilər. Sonuncu dəfə gələndə anam bezib benzini üzərinə tökərək özünü yandırmaq istədi. Lakin polislər ona mane oldu. Bizi evimizdən çıxarmağa qərarlı idilər. Belə olan halda benzini götürüb özümü yandıracağımı dedim. Benzini üzərimə tökəndə polis Vaqif Hümbətov alışqan verib dedi, al, yandır görüm. O dedi ki, sizin belə hərəkətlərinizi çox görmüşük. Elə bildilər yandırmayacam. Alışqanı yandırıb üzərimə vurdum. Sonrasını xatırlamıram".

"Mən o evi fəhləlik edərək qəpik-qəpik yığdığım pul hesabına tikmişəm"

Yanan qızın atası Şamil Kərimov deyir ki, 20 ildə qaçqınlığın hər bir əzab-əziyyətini çəkib. Kəlbəcərdən çıxdıqdan sonra Gəncədə məskunlaşmağa yer tapa bilmədiklərini deyən Ş.Kərimovun sözlərinə görə, onları Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində, AKTA-nın 6 saylı yataqxanasında yerləşdiriblər: "Orada da yerimiz dar idi. Fəhləlik edərək, təhlükəli tikintilərdə işləyərək 96-cı ildə həmin qəsəbədə torpaq aldım. 1500 dollara Səmədov Sabitdən aldığımı torpaq sahəsində ev tikməyə hazırlaşarkən həmin şəxsin Rusiyada yaşayan qardaşı gəlib bildirdi ki, torpağı sizə ucuz qiymətə satmışıq. Həmin adam da bizdən 500 dollar pul aldı.

Ş.Kazımov deyir ki, evini tikmək istəyərkən Gəncə Yerli İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyevin bu torpaq sahəsini aldığını və əlində sənəd olduğunu bildirib: "Biz mərhum prezident Heydər Əliyevin verdiyi göstərişə əsasən gedib orada ev tikmişik. Mənimlə birgə həmin ərazidə yüzə yaxın Kəlbəcərdən olan ailə yaşayır. Lakin Zərbəli Zərbəliyev dediyindən dönmədi. Keçən ilin mart ayında gəlib bizi evimizdən çıxardılar. Heç bir məhkəmə qərarı olmadan evimizi uçurdular. Məcbur olub kirayə ev tutub yaşamağa məcbur qaldıq. İndiyə kimi getmədiyim dövlət orqanı, müraciət etmədiyim şəxs qalmayıb. Heç kəs bizə kömək etmir".

Ş.Kazımovun sözlərinə görə, ötən ilin noyabrında onlara məktub gəlib ki, Gəncə Yerli İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyevə torpaqla bağlı verilən sənəd Gəncənin Nizami rayon icra başçısının sərəncamına əsasən ləğv olunub: "Sevincək torpağımıza qayıdıb yenidən bir daxma düzəldərək ora yığışdıq. Lakin Zərbəliyev iddiasından geri çəkilmədi. Bizim torpağı saxta sənədlərlə Şahlar adlı bir qohumunun adına keçirən məhkəmə sədri yenidən bizə təzyiq göstərərək, sıxışdırmağa başladı".

Ş.Kazımov deyir ki, sonuncu dəfə martın 6-da Gəncə şəhəri Nizam rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov və bir qrup polis yenidən evlərinə gələrək onları zorla evindən çıxarmaq istəyiblər: "Sifariş yenə də Zərbəli Zərbəliyevdən gəlmişdi. Martın 6-da bizi evdən çıxara bilmədilər. Səhəri gün yenidən gəldilər. Bizi çıxarmaq üçün maşın da gətirmişdilər. Nizami rayon Polis Şöbəsinin əməkdaşları evimizi mühasirəyə aldılar. Zərbəliyevin adamları bizi 90 GK 984 və 20 CD 057 nömrəli maşınlarda izləyirdilər. Evdən çıxmayacağını deyən həyat yoldaşım Gülöyşə Kərimova etiraz edək özünü yandırmaq istədi. Polis əməkdaşları mane olaraq benzini onun əlindən aldılar. Anasının özündən getdiyini görən qızım Almaz Kərimova benzini üzərinə tökərək özünü yandıracağını dedi. Əlində heç bir alışqan yox idi. Polis Vaqif Hümbətov alışqanı qızıma verərək dedi ki, "al, yandır görüm necə yandırırsan"?! Həmin polis əməkdaşı Nizami rayon Polis Şöbəsində tədqiqatçı işləyir. Qızım alışqanı üzərinə vuraraq özünü yandırdı. Polislər daha sonra onu söndürməyə çalışdılar".

"Qızımın burada müalicəsi yoxdur"

Hadisədən dərhal sonra Almaz Kərimova 3-cü dərəcəli yanıq diaqnozu ilə Gəncə şəhər 3 saylı xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilib. Daha sonra Bakıdakı 5 saylı xəstəxanaya gətirilən xəstənin vəziyyəti orta ağırdır. Ş.Kərimov deyir ki, qızının burada müalicəsi yoxdur: "Ölkə başçısı və onun xanımından kömək istəyirəm. Mənim balamı xilas edin. Hüquq-mühafizə orqanlarından tələb edirəm ki, bu iş araşdırılsın və cinayətkarlar öz cəzalarını alsınlar".

DİN: "Sahə inspektoru olmasaydı, 15 yaşlı qız yanıb ölə bilərdi"

"Bəzi KİV-lər bununla bağlı yalan və böhtan xarakterli məlumat yaymaqla daxili işlər orqanlarının nüfuzuna xələl gətirməyə çalışırlar". Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, martın 6-da Gəncə şəhər sakini Şahlar Əsgərov Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və bildirib ki, Kəlbəcər rayon sakini Gülöyşə Kərimova ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib və orada tikinti işləri aparır. Əsgərov polis idarəsindən həmin qanunsuz tikintinin qarşısının alınması üçün kömək edilməsini xahiş edib. Ərizə ilə bağlı araşdırma sahə inspektoruna tapşırılıb.

Martın 7-də sahə inspektoru ərizəçinin göstərdiyi əraziyə gedərkən orada həqiqətən də 4 fəhlənin qanunsuz tikinti işləri apardığını görüb və məsələni araşdırmaq məqsədilə həm ərizəçini, həm də tikintinin sahibi Gülöyşə Kərimovanı Nizami rayon Polis İdarəsinə dəvət edib. Bu zaman evdə olan Gülöyşə Kərimovanın 15 yaşlı qızı Almaz Kərimova anasının polis idarəsinə getməsinə etiraz əlaməti olaraq evdə olan nefti üzərinə tökərək özünü yandırıb. Evdə səs-küy gəldiyini eşidən sahə müvəkkili evə qaçıb və görüb ki, qız özünü yandırıb. Polis qızı tez qucağına götürərək həyətdəki qum topası vasitəsilə onun alovunu söndürüb və dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırıb, yeniyetmənin təcili olaraq xəstəxanaya çatdırılmasını təmin edib.

Bütün bunlar həmin qanunsuz tikintidə işləyən fəhlələrin şahidliyi ilə baş verib və artıq onlar da hadisənin məhz bu cür baş verdiyini təsdiq ediblər.
Lakin DİN sözçüsü qeyd edib ki, bəzi KİV-lərdə bununla bağlı yalan və polisin nüfuzuna xələl gətirən məlumatlar yayılıb. E.Zahidov bildirib ki, bəzi KİV-lərin yazdığı kimi hadisə yerində Nizami rayon Polis İdarəsinin əməkdaşları deyil, yalnız şikayətçinin ərizəsini araşdıran bir nəfər sahə inspektoru olub: "Həmin sahə inspektoru da Almaz Kərimovanı ölümdən xilas edib. Yəni sahə inspektoru olmasaydı, 15 yaşlı qız yanıb ölə bilərdi. Ona görə də qeyd edirik ki, bunu əllərində bayraq edib polisin imicinə ləkə yaxmağa cəhd edən bəzi KİV-lərin yaydığı məlumat əsassızdır, yalandır".