Atəş açan şəxslərdən daha ikisi tutulub

10 Mart 2013 12:51 (UTC+04:00)



Balakən rayonunun Gərəkli kəndinə gələrək avtomatdan atəş açan dəstənin daha iki üzvü tutulub.Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, rayon polisinin yaratdığı əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri nəticəsində martın 8-də "Niva" markalı avtomobillə rayonun Gərəkli kəndinə gələrək avtomat silahından havaya atəş açan dəstənin iki üzvü saxlanılıb. Onlar rayonun Qullar kənd sakinləri, 1991-ci il təvəllüdlü İsrafil Aydın oğlu Sarıyev və 1995-ci il təvəllüdlü Emil Şadnus oğlu Dibirovdur.

Qeyd edək ki, martın 8-də 5 nəfərdən ibarət dəstə "Niva" markalı avtomobillə Balakən rayonunun Gərəkli kəndinə gedərək, Kalaşnikov markalı avtomatdan havaya bir neçə dəfə atəş açıb, daha sonra kəndi tərk ediblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin əvvəlcə 3 üzvü, "Niva" markalı avtomobili idarə edən, Mahmalar kənd sakini, 1993-cü il təvəllüdlü Polad Kamil oğlu Sultanov, silahdan istifadə edən, Balakən şəhər sakini, 1990-cı il təvəllüdlü, Murad İlqar oğlu Əzizov (həbs edilən zaman ondan 1 ədəd Kalaşnikov avtomatı, 13 ədəd avtomat gülləsi və bir ədəd avtomat darağı götürülüb) və Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Fərid Murtuz oğlu Alqayev tutulub.

Baş vermiş hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az