“Əsas odu ki, qol fürsəti əldə edə bilirdi” - Qurban Qurbanov

10 Mart 2018 23:13 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının XIX turunda "Zirə"ni qəbul edən Ağdam klubu 2:0 hesablı qələbə qazanıb.

AzNews.az apasport.az-a istinadən xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Qurban Qurbanov bunları deyib: "İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm".

- Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?

- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu gün çox çalışdı. Çox istəkli idi.

- Ancaq Ramil sanki qol duyumunu itirib...

- Bu, normal haldı. Həmin epizodları əldə etmək vacibdi. Əsas odu ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.

- Növbəti oyunda "Neftçi" ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb...

- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. "Qəbələ" ilə matçda 2, "Keşlə"yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

Milli.Az