Rusiyalı generala inanmaq olarmı?..

12 Mart 2018 10:28 (UTC+04:00)

Bəli, söhbət KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorovun “Əgər müharibə başlayarsa, KTMT Dağlıq Qarabağ separatçılarına hərbi yardım etməyəcəkdir” sözlərindən gedir.
Bu bir cümlə demək olar ki, bütün Ermənistanı bir-birinə vurdu. Kremlin cəmi Qafqazdakı siyasətini öz maraqlarına tabe etməyə çalışan ermənilər heç cür başa düşə bilmirdilər ki, axı, bu, necə ola bilər, görən, general Sidorov Kremlin fikrini ifadə edir, yoxsa bu, onun şəxsi rəyidir?

Düzü, sonuncu suala biz də birmənalı şəkildə cavab vermək iqtidarında deyilik. Dəfələrlə yazmışıq ki, bizim Qarabağda uğurlarımız Ermənistan-Rusiya geosiyasi birliyi çat verəndə başlayacaq. Amma gəl, hər dəfə də qeyd etmişik ki, bunun nə vaxt və hansı şəraitdə olacağını demək, təəssüf, imkanlarımız xaricindədir.
Budur, KTMT-nın birləşmiş qərargahının rəisi bizi illərlə narahat edən suala qismən də olsa, cavab verir. Amma biz də bimirik ki, bu, Rusiyanın bir hərbi məmurunun sözüdür, yoxsa Kremlin də fikrini ifadə edir?..
Bəli, məntiqlə elə belə də olmalıdır. Qarabağ hərbi teatrı KTMT-nın hərbi-siyasi arealına aid deyil. Bu təşkilatın Ermənistanla müqaviləsi var və əgər nə vaxtsa Ermənistan təhdidə məruz qalarsa, o halda hərbi birlik buna reaksiya verə bilər.

Amma bu, adi, formal məntiqdir və dünyadakı proseslərin adi məntiqdən kənara çıxmasının azmı şahidi olmuşuq?..

Elə bu səbəbdən birmənalı söz deməyə çətinlik çəkirik. Halbuki Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyatının olmaması bir dəfə də İrəvan rəsmilərinin diqqətinə çatdırılmışdı.

Yadınıza gəlirsə, Ermənistan Avrasiya İttifaqına üzv olarkən S.Sarkisyana açıq deyildi ki, İrəvanın bu quruma üzv olması qəti olaraq Dağlıq Qarabağın da bura daxil olması anlamına gəlmir.

O vaxt S.Sarkisyan bu qeydi sakitcə, tula kimi quyruğunu qısaraq qəbul etdi və ölkəsinin də Qarabağla belə planının olmadığını bildirdi.

Amma hərbi əməliyyatlarla bağlı hələ belə yəqinlik yoxdur, çünki Rusiya bu məsələ ilə bağlı bir neçə müstəvidən çıxış edir. Ən birincisi, o, Ermənistanın hərbi müttəfiqidir və sürətlə boşalan, sosial-iqtisadi cəhətdən çökən ölkəni hətta özünün bölgədəki forpostu adlandırır.

Digər tərəfdən, Rusiya Minsk Qrupunun üç həmsədrindən biridir və münaqişənin hərbi müstəviyə keçməsinin qarşısını almağa cavabdeh və yaxud məsul tərəflərdən biridir. İnidyədək üç həmsədrin gələ bildiyi bir ortaq məxrəc varsa, o da budur ki, Dağlıq Qarabağ münaqişəsi dinc yolla və danışıqlar vasitəsilə həll olunmalıdır.
Bunlara deyəndə ki, otuz ilə yaxındır belə buyurursunuz, amma münaqişə həll olunmur, buna bircə cavabları olur: “Danışıqları davam etdirmək lazımdır, ona görə ki, hətta nəticəsiz danışıqlar da müharibədən yaxşıdır!”.
Bəli, bu, Minsk Qrupu adlanan axmaq bir qurumun məntiqidir, elə ona görə də hərbi əməliyyatlar başlarsa böyük ehtimalla buna hamıdan əvvəl etiraz edən məhz onlar olacaqdır.

Amma sözsüz ki, hər şey daha çox Kremlin reaksiyasından asılıdır. Doğrudanmı, Kremlin neytral qalacağına heç bir ümid yoxdur? Var. Bu gün regionda maraqlı proseslər gedir. Azərbaycanın son zamanlarda formalaşdırdığı iki regional üçbucağın (Bakı-Moskva-Tehran və Bakı-Tiflis-Ankara) birləşməsindən yeni bir geosiyasi dördbucaq yaranır və o, Bakını, Tehranı, Ankaranı və Moskvanı əhatə edir. Demək lazımdır ki, hətta Rusiya da bu alyansa, xüsusən də Ankara və Tehranla əməkdaşlığa böyük önəm verir və bunu son müsahibələrinin birində Rusiya prezidenti xüsusi olaraq qeyd etdi.

Prosesdə Ankaranın və Tehranın təzyiqindən də çox şey asılıdır. Burada ciddi problemimiz olmamalıdır, çünki Ankara daim bizimlədir və yanımızdadır, Tehran isə ürəyində min şey fikirləşsə də, aşkarda heç bir halda Azərbaycanın ərazi bütövlüyünün əleyhinə gedə bilməz.

Üstəlik, biz də Tehranla işimizi gücləndirməliyik, lazım gələrsə, orada yaşayan həmvətənlərimizin də dəstəyindən faydalanmağa çalışmalıyıq - İrandakı milyonlarla soydaşımız Dağlıq Qarabağ məsələsində daha konkret və Azərbaycanın maraqlarına cavab verən mövqe tutmaq üçün hökumətlərinə təsir edə bilərlər.
Nəhayət, son vaxtlarda yaxın çevrəmizdə baş verən proseslər – İraq kürdlərinin referendumuna böyük dövlətlərin, o cümlədən də Rusiyanın münasibəti, eləcə də Türkiyənin Afrində apardığı əməliyyatlara qarşı da onların etiraz etməməsi, eləcə də İspaniyadakı katalon separatizminə qarşı Avropa ölkələrinin də soyuq reaksiyası müəyyən ümidlər yaradır.

Ən başlıcası isə, Rusiya da, digər ölkələr də qəbul etməlidirlər ki, Azərbaycanın başqa yolu yoxdur. Həmin ölkələr daim deyirlər ki, indiki status-kvo məqbul sayıla bilməz, amma onu dəyişməyin, danışıqların səmərəli və ən əsası, nəticəli müstəviyə yönəldilməsinin yolunu, üsulunu gösrərmirlər.

Halbuki bunun bircə yolu vardır; əgər həmin böyük ölkələr geniş statusla olsa da, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını istəyirlərsə, bunun üçün Ermənistana təzyiq etməlidirlər, çünki bunu yalnız İrəvan istəmir və Dağlıq Qarabağa müstəqillik tələb edir. Hətta Azərbaycan israr etmir ki, təzyiq mütləq hərbi xarakterli olmalıdı, amma həmin böyük dövlətlər (Türkiyəni çıxmaq şərtilə!), həmsədrlər İrəvana hətta siyasi və iqtisadi təzyiq də göstərmirlər axı...

Ona görə də rusiyalı generalın bəyanatını ilk işarə kimi qəbul etmək mümkündür. Çünki hələ ötən il payızda Rusiya siyasi isteblişmentinin başqa təmsilçisi – nazir S.Lavrov demişdi ki, Bakı Qarabağda baş verən prosesləri özünün daxili işi saymamalıdır. Elə o vaxt da aydın deyildi ki, bunu cənab Lavrovun dililə onun erməni qohumları deyir, yoxsa bu, elə Kremlin öz mövqeyidir?..

Hüseynbala Səlimov
AzNews.az