AzNews.az Baş prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər Azərbaycan və Qazaxıstan Respublikası prokurorluq orqanları, o cümlədən sərhədyanı ərazilərin prokurorluqları arasında cari məsələlərin, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.
Görüşdə Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan dövlətlərinin sınanmış liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin ikitərəfli səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu diqqətə çatdırılıb.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstan Respublikasının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Qazaxıstanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Baş prokuror son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılmaqla, bu sahədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlər, yaradılmış 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi barədə qonaqlara məlumat verilib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, transmilli cinayətkarlıqla mübarizə, iqtisadi qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, nərə cinsli balıqların qanunsuz ovlanması, qanunsuz sərhədkeçmə, Xəzər dənizinin ekologiyasının qorunması və yaxşılaşdırılması mövzuları, eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Azərbaycan Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Marat Alixanov korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və dövlət ittihamının müdafiəsi sahələrindəki fəaliyyətə dair nümayəndə heyətinin üzvləri tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb.
Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.



