Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün maliyyə vəsaiti ayrıldı

13 Mart 2018 18:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Son illər ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. 1997-2017-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6000-dən çox mənzil verilib.

Sərəncamda qeyd olunur ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.