YAP-çı deputat Putinin bəyanatını şərh etdi

11 Mart 2013 12:11 (UTC+04:00)


"Bununla Rusiya sadəcə olaraq digər dövlətlərə təzyiq tmək istəyir. Çünki Vladimir Putinin prezident seçildikdən sonra əsas fəaliyyət istiqamətlərindən biri də "Avrasiya ittifaqı" deyilən bir fövqəldövlət qurumu yaratmaqdır"

Bu sözləri AzNews.az-a hakim partiyanın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Rusiya prezidenti Vladimir Putinin "Gömrük İttifaqına üzvü olmayan ölkələrdən miqrant axını məhdudlaşdırılacaq" bəyanatını şərh edərkən bildirib. O qeyd edib ki, əslində "Avrasiya ittifaqı" keçmiş SSRİ-nin bir qədər zəif formada bərpası təşəbbüsüdür:

"Rusiya əvvəlcə buraya Belarus-Qazaxıstan, sonra isə digər dövlətləri də qoşmaq və ABŞ, Avropa Birliyinə alternativ güc yaratmaq istəyir. Sivil qaydada bu adi bir məsələdir və Rusiyanın bu istəyi də təəccüb doğurmamalıdır. Ancaq bir məsələ də var ki, təşəbbüsün elan edilməsi və üstündən bir müddət keçməsinə baxmayaraq hələ də bu ideyanı reallaşdırmaq olmur. Ona görə ki, "Avrasiya ittifaqı" Avropa Birliyindən fərqli olaraq, dövlətlərin müstəqilliyini xeyli dərəcədə məhdudlaşdırır. Vahid iqtisadi, gömrük, maliyyə məkanının yaradılması dövlətləri sərbəst hərəkət etməkdən çəkindirir. İndiqə qədər də heç bir dövlət bu quruma qoşulmağa razılığını bildirmir. Ona görə də bu tipli bəyanatlarla siyasi təzqiq etməyə çalışırlar".

Rusiya prezidentinin miqrasiya bəyanatına gəlincə, A. Mirzəzadə hesab edir ki, bu məsələdən iddiaçı ölkənin özü də az zərərə çəkməyəcək. Ona görə ki, iqtisadiyyat və normal təsərrüfat fəaliyyəti üçün Rusiyanın əhali ressursları kifayət etmir: "Ona görə də kənardan gələn vətəndaşlar faktiki olaraq Rusiya təsərrüfatına, onun iqtisadiyyatına yeni nəfəs verirlər. Əslində miqrasiya məsələsini ortaya atmaqla Rusiya milyonlarla işçi qüvvəsindən mərhum olacaq ki, bu da onun iqtisadiyyatında, gündəlik fəaliyyətində öz təsirini göstərəcək. Azərbaycana gəldikdə isə hesab etmirəm ki, bu bizə hansısa problem yarada bilər. Əvvəla 90-cı illərdən fərqli olaraq bu gün Azərbaycan vətəndaşlarının əmək miqrasiyası etdikləri ölkələrin coğrafiyası genişlənib. Eyni zamanda da Azərbaycanın özündə yeni iş yerlərinin açılması vətəndaşlarımızın böyük bir hissəsinin iş problemini öz ölkəsində həll etməyə imkan verir".

Gültəkin
AzNews.az