Şadlıq saraylarında yoxlamalar başladı

11 Mart 2013 12:45 (UTC+04:00)



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent.az-a açıqlamasında bildirib ki, martın 1-dən başlayaraq Dövlət Komitəsinin Nəzarət Xidmətinin əməkdaşları şadlıq saraylarında monitorinqlər həyata keçirməyə başlayıblar. Fazil Talıblı deyib ki, monitorinqlərin məqsədi öncə standartın tələblərinin şadlıq saraylarında hansı səviyyədə icra olunmasını araşdırmaq, təhlillər aparmaqdır. Dövlət Komitəsi həmin monitorinqlər və təhlillərin nəticəsi barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat verəcək. Onun sözlərinə görə, əvvəlcə standartın tələblərini yerinə yetirməyən şadlıq saraylarına iradnamələr təqdim olunacaq. Şadlıq saraylarına 1 ay vaxt veriləcək ki, həmin müddət ərzində nöqsanları aradan qaldırsınlar. İradnamənin möhləti bitdikdən sonra yenidən həmin müəssisədə nəzarət tədbirləri həyata keçirilərkən standartın tələblərinə məhəl qoyulmadığı aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.