Siçan dərmanı

11 Mart 2013 13:26 (UTC+04:00)
Zamin Hacı

Martın 10-da paytaxtın Fəvvarələr meydanında cəsur silahlı qüvvələrimizin uğurlu asayişi bərpa etmək cəhdlərini izlədik və xeyli məmnun olduq. Çoxlu sayda düşmən qüvvələr, gənclər, şəhid valideynləri döyüldü, isladıldı, tutuldu, sabitlik düzəldi. Yaxınlıqdakı "Nərgiz" super marketindən alış-veriş edən soydaşlarımız isə olduqca məmnun qaldılar.

İlk növbədə, bəzi terminoloji problemlərə aydınlıq gətirilməlidir, çünki xarici düşmən qüvvələrin dəyirmanına su tökən, o cümlədən, polisin suvuran maşınlardan su püskürtməsinə səbəb olan, Bakı şəhərində aranı qarışdırmaq istəyən ekstremistlər məhz sözləri yanlış yozaraq gəncləri qanunsuz aksiyalara sövq edirlər. (Bu gedişlə AzTV-də aparıcı ola bilərəm, lənət şeytana...).

Məsələn, orda əsas şüar belədir: "Əsgərimiz ölməsin, Ordu morqa dönməsin!". Aydın görünür ki, bu şüarı hazırlayanlar fərarilərdir, əsgərlikdə olmayıblar və Azərbaycan əsgərinin hərbi andından xəbərləri yoxdur. Halbuki, həmin andda yazılıbdır: "Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü canımı və qanımı əsirgəməyəcəyəm". Sitatın sonu.

Gördüyünüz kimi, hər bir əsgər öləcəyinə and içir. Müstəqillik, suverenlik, ərazi bütövlüyü xüsusilə, hazırda heç bir təhlükə ilə üzləşməyibdir.
Qalır mənafe. Azərbaycan Respublikasının mənafeyi dedikdə nə başa düşülür? Bəziləri savadsızdır, hələ də elə zənn edirlər ki, mənafe – müğənni Manaf Ağayevə aid nəsə bir xüsusiyyətdir. Qətiyyən. Mənafe – maraqlar, xeyir mənasını verir. Lap qədimlərdə isə gəlirlərin cəminə mənafe deyilirmiş.

İndi gəlin görək, Azərbaycan Respublikasının əsgər ölümündən hansısa xeyri varmı? Əgər yoxdursa, onda dövlət büdcəmiz niyə ildən-ilə artır? Hazırda bizim təkcə hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən 20 dəfə çoxdur. O cümlədən, bizdə qaçqın və məcburi köçkünlərin ümumi daxili məhsulda payı 1 milyon dəfə artıqdır. Lakin bunlar başqa, iqtisadi mövzulardır, qalsın başqa vaxta, analiz edərik. İndi gündəmdə mövzu ordudur.

Bəziləri deyir Səfər Əbiyev istefa versin. Tamam yanlış, ekstremist fikirdir. Səfər bəy 40 ildir müdafiə nazirimizdir, onun yerinə kimi qoyarıq? Yoxdur. Ancaq hər il neçə əsgər ölsə də, çağırış zamanı onların yerinə adam tapılır. Demək, bizdə problem generalların istefası yox, əsgərlərin lazım gələn anda istefa verməməsindədir. Rəhmətliyin uşağı, görürsən sabah xəstələnib öləcəksən, yaxud, bir saatdan sonra komandir, əsgər yoldaşın döyüb öldürəcək – dərhal istefa vermək çətindirmi? Əsgərlərimiz vaxtlı-vaxtında istefa versələr, bir çox problemlər köklü şəkildə həllini tapardı. Dirəşiblər, bəzi əsgərlər var, hətta istəyirlər 1 il 6 ay xidmət etsinlər! Beləsini vurub öldürməyəsən, neyləyəsən? Səngərdəki kresloya yapışan əsgərlərə ar olsun!

Daha bir terminoloji təxribat ölən əsgərlərin valideynlərinə aid cümlələrdə işlədilir. Məsələn, görürsən yazıblar: "Polis şəhid atasına zorakılıq etdi, onu meydandan sürüyüb çıxartdı". Mənim əzizlərim, axı yuxarıda da qeyd elədik, əsgərlərin çoxu qeyri-döyüş şəraitində, intihar, döyülmə, xəstəlik səbəblərindən ölür. Demək, onların valideynlərini də şəhid valideynləri saymaq üçün əlimizdə heç bir hüquqi əsas yoxdur. Polis aksiyanı dağıdarkən məhz bunu əldə rəhbər tutur. Əgər şəhid atasının əlində uyğun status olsa, o bunu çıxardıb polisə göstərər, polis də ona əsgər salamı verər ki, dəfələrlə bunun şahidi olmuşuq. Məsələn, camaat belə hörmətdən o qədər ruhlanır ki, dəfələrlə telekanalizasiya ekranlarından belə xoş cümlələr eşitmişik: "Dünən icra hakimi biz şəhid ailələrinin hər birinə yarım kilo şəkər tozu payladı, buna görə ona minnətdarıq və o biri uşaqlarımızın da şəhid olmasını arzu edirik".

Nəhayət, hökumətin xalqa qarşı humanist davranışını sübut edən daha önəmli fakt vardır: dəfələrlə bir çox müşahidəçilər təklif ediblər ki, qanunsuz etiraz aksiyalarına toplaşanların, ümumiyyətlə, Azərbaycan xalqının üzərinə havadan çoxlu siçan dərmanı səpilsin. Lakin hökumətimiz bu cür kəskin radikal tədbirlərə heç zaman əl atmamışdır və atmayacaqdır.