Avropa Birliyi İrana qarşı yeni sanksiya tətbiq edib

11 Mart 2013 14:05 (UTC+04:00)
Avropa Birliyi (AB) İrana qarşı sanksiyaları daha da sərtləşdirib. APA-nın məlumatına görə, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş toplantısında İran rəhbərliyinə qarşı tətbiq edilmiş sanksiyaların müddəti daha 12 ay uzadılarkən insan haqlarını pozduğuna görə 9 dövlət rəsmisi də "qara siyahı"ya daxil edilib.

Bununla da, AB-nin insan haqlarını pozduqlarına görə hesablarını dondurduğu və quruma daxil olan ölkələrə səfər qadağası qoyduğu İran rəsmilərinin sayı 87 nəfərə çatıb.

Qeyd edək ki, AB İranın mübahisəli nüvə proqramı səbəbindən bu ölkəyə qarşı sanksiya tətbiq etməklə yanaşı, 2009-cu il prezident seçkilərindən sonra müxalifləri təqib və təzyiqlərə məruz qoyan dövlət rəsmilərini "qara siyahı"ya salır.

AzNews.az