AzNews.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
"Azərbaycan Ordusunun regionun ən güclü və təchizat baxımından ən müasir tələblərə tam cavab verməsi bir çox beynəlxalq hərbi araşdırma mərkəzləri və ekspertlər tərəfindən dəfələrlə qeyd edilib. 2016-cı ilin aprel döyüşləri də bunu bir daha təsdiq etdi".
Bu fikirləri istefada olan polkovnik Məhərrəm Cahangirov qeyd edib.

M.Cahangirov bildirib ki, son illər Azərbaycan Ordusunun yeni texnologiyaların tətbiqi ilə istehsal olunan silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində də davamlı işlər görülür. Ordu ilə cəmiyyət arasında geniş əlaqələr qurulur. İctimaiyyətin nümayəndələrinə hərbi hissələrdə yaradılan xidməti və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı yaradılır. Müdafiə Nazirliyinin hərbi hissələrində Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günlərində və digər bayram tədbirlərində dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən əsgər valideynlərinin iştirakı Azərbaycanda ordu-cəmiyyət münasibətlərinin yüksək səviyyədə qurulduğunu sübut edir.
“Bu tədbirlərin geniş ictimaiyyət üçün nümayişi zamanı hərbi hissələrdə yaradılan sosial-məişət şəraitinin və Ordunun ümumilikdə təminatının müasir standartlara cavab verdiyinin şahidi olduq. Bu isə onu göstərir ki, ordumuz dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Son zamanlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və bütün təminat növlərinə malik olması Azərbaycan Ordusunun təminatla bağlı heç bir probleminin olmadığını bir daha əyani şəkildə sübut edir. Hərbi hissələrdə olarkən mən bu istiqamətdə əldə edilən uğurların dəfələrlə şahidi olmuşam. Xalqımız öz ordusunu sevir və ona hər zaman mənəvi dəstək göstərir. Bu isə ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumuna müsbət təsir göstərməklə işğal edilmiş torpaqlarımızın tezliklə düşməndən azad edilməsində hərbi qulluqçularımızın qələbə əzmini daha da artırır”, - deyə M.Cahangirov qeyd edib.
"Azərbaycan Ordusunun təminatında heç bir problemin olmaması ilə bağlı Müdafiə Nazirliyinin yaydığı xəbər ehtiyatda olan hərbçi kimi məni də çox sevindirir. Ali Baş Komandan və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı bunu deməyə əsas verir" deyə general-leytenant Yaşar Aydəmirov qeyd edib.

Y.Aydəmirov qeyd edib ki, son illərdə Ordunun silahlanmasına daxil edilən ən müasir hərbi texnika, silah və digər döyüş vasitələri Silahlı Qüvvələrin gücünü dəfələrlə artırıb və düşmən üzərində üstünlüyü təmin edib. Müasir və hər cür kommunikasiya sistemləri ilə təchiz edilmiş hərbi şəhərciklərin tikilməsi, əsaslı surətdə təmiri əsgərlərin, eləcə də zabit heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlardandır. Dəfələrlə hərbi hissələrdə olarkən əldə edilən bu nailiyyətlərin şahidi olmuşam. Xalqımız da bunu görür və qiymətləndirir.
“Bir məqama da xüsusi toxunmaq istərdim. Əvvəlki illərlə müqayisədə indi Ordu ictimaiyyət üçün kifayət qədər açıqdır. Müxtəlif qurumların, ictimai təşkilatların nümayəndələri hərbi hissələrə səfərlər edir, şəxsi heyətlə görüşlər keçirir. Bunlar hamısı çox müsbət haldır. Amma bəzi hallarda bu səfərlər özünüreklam xarakteri daşıyır. İndi ordumuz keçən əsrin 90-cı illərinin əvvəllərində olan pərakəndə silahlı dəstələrdən həm kəmiyyət, həm də keyfiyyət baxımdan xeyli fərqlənir. Bu səbəbdən də hərbi hissələrə səfərlər edərkən ərzaq və məişət məhsullarının toplanaraq əsgərlərə çatdırılmasına heç bir ehtiyac yoxdur. Tez-tez əsgər və zabitlərin yanında olan bir general kimi ictimaiyyətimizi tam əmin edirəm ki, hazırda xalqımızın mənəvi dəstəyini daim hiss edən və hərtərəfli təmin olunmuş əsgərlərimizin heç bir şeyə ehtiyacı yoxdur”, - deyə Y.Aydəmirov xüsusi vurğulayıb.