Lənkəranda məktəblinin qəfil ölümü ilə bağlı yeni təfərrüatlar - Yenilənib (Foto)

26 Mart 2018 23:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Cəlilabad şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərahim Fərhad oğlu avtomobillə Lənkəran şəhərinə gələn zaman qəfil halı pisləşib.

Məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, o, ürəktutmasından vəfat edib. Lakin bildirilir ki, F.Məmmədzadənin bu vaxta qədər səhhətindən heç bir problemi olmayıb.

Qeyd edək ki, mərhumun atası Cəlilabad rayonunun tanınmış həkimidir.

Mərhum Lənkəranda fəaliyyət göstərən "İstək" Liseyinin 8-ci sinif şagirdi olub və sabah dərslərin başlaması ilə əlaqadar ora gedirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

17:12

***

Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad sakini, 2004-cü il təvəllüdlü Fərhad Fərahim oğlu Məmmədzadə halsız vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, F. Məmmədzadə Lənkəranda yerləşən liseylərdən birinin şagirdi olub. O, yoldaşları ilə birgə təhsil aldığı liseyə gedərkən hadisə baş verib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az