"Uşaqlarda bir az psixoloji gərginlik var idi " - Qurban Qurbanov

26 Mart 2018 18:27 (UTC+04:00)

AzNews.az CBC sport-a istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov Belarusla matçdan sonra futbolçularda bir az psixoloji gərginlik olduğunu deyib: "Belarusa məğlubiyyətdən sonra uşaqlarda bir az psixoloji gərginlik var idi. Danışdıq ki, futbolda belə nəticələr olur. Buna hazır olmalıyıq. Nəticə öz yerində, bu gün çalışmalıyıq ki, bir neçə çatışmayan cəhətlərimiz var, bunu aradan qaldıraq. Uşaqlar hamısı istəklidir. Hamısı oynamağa hazırdırlar".

Millimizin əsas qapıçısı Kamran Ağayev də fikirlərini bölüşüb: ""Baxmayaraq ki, yoxlama oyunudur, qələbə qazanmaq istəyirik. İnanıram ki, nəticə yaxşı olacaq. Verilən tapşırıqları layiqincə yerinə yetirmək lazımdır ki, nəticə də uğurlu olsun. Əlbəttə, səviyyə baxımından Makedoniya Belarusdan daha üstündür. Bilirik ki, buna görə, fərq olacaq. Amma qələbə üçün meydana çıxanda, əzmkar oyun nümayiş etdirəndə çətin olmur.

Komandamızın müdafiəçisi Maksim Medvediv adaptasiya baxımından bəzi problemlərin olduğunu bildirib: "Belarusla oyunu analiz edib baxdıq ki, çatışmayan cəhətlərimiz nə idi. Makedoniya ilə matçda çalışacağıq, həmin səhvləri təkrarlamayaq. İndiki rəqib Belarusdan güclüdür. Daha sürətli futbol nümayiş etdirirlər. Onlara qarşı daha diqqətli olmalıyıq. Belarusa uduzmağımıza baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Nəzərə almaq lazımdır ki, yoldaşlıq oyunlarıdır və heyətdə tez-tez dəyişikliklər olur. Ona görə adaptasiyada bir az problem var. Amma yavaş-yavaş bir-birimizə öyrəşirik. Gələcəkdə belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik".

Xatırladaq ki, Azərbaycan - Makedoniya matçı martın 27-də saat 20:00-da start götürəcək.