“Bu ərazi yaşayış üçün təhlükəlidir”

27 Mart 2018 12:08 (UTC+04:00)

Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ərazidə yenidən sürüşmə hadisəsinin gözlənilib-gözlənilmədiyi sualına cavab verən mütəxəssisin sözlərinə görə, Bayıl zonasının müxtəlif yerləri daimi sürüşməyə meyilli ərazilərdir: "Burada ilk dəfə 1847-ci ildə sürüşmə qeydə alınıb. Sonuncu sürüşmə isə 2000-ci ildə baş vermişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il hesabatında son sürüşmənin baş verdiyi ərazi konturlaşıb ki, sürüşməyə meyilli, təhlükəli ərazidir və nə vaxtsa orada sürüşmə baş verə bilər".

"Sürüşmə təhlükəsinin olduğu ərazidə əhalinin məskunlaşmasını mütəxəssis kimi məsləhət görməzdim" - deyən Ə.Qaralovun sözlərinə görə, 2004-cü il hesabatlarında vurğulanıb ki, Bayıl yamacını yükləmək olmaz, orada tikinti işlərinin aparılması qadağan olunmalıdır: "Nazirlər Kabinetinin də həmin ərazi ilə bağlı 56 nömrəli qərarı var. Bayıl yamacını heç bir vəcvlə yükləmək olmaz, həmin ərazidə tikinti işləri aparılmamalıdır. Bu ərazi yaşayış üçün təhlükəlidir".

AzNews.az