Ermənistan Qərbə meyillənə bilərmi?

28 Mart 2018 10:16 (UTC+04:00)

Buna görə də hansı ölkənin qapısını döyürsə döysün, ona gec-tez bir məsləhət verəcəklər: qonşularınla dil tap, onlarla yola get; çünki dünyanın heç bir qüdrəti Ermənsitanı Cənubi Qafqazdan qoparıb dünya xəritəsinin başqa bir yerinə yapışdırmaq iqtidarında deyil.

Yalnız Rusiya bu tövsiyəni Ermənistana vermir. O səbəbdən ki, təcrid olunmuş, qonşuları ilə problem yaşayan və hədsiz dərəcədə kasıb olan bu ölkə, Rusiyanın geosiyasi maraqlarına daha çox cavab verir.

Amma budur, Rusiyanın özü növbəti dəfə hədəfdədir. Elə bu günlərdə xəbər verildi ki, ABŞ-la Kanadadan başqa daha 14 Avropa dövləti də Rusiyan diplomatlarını öz ölkələrindən çıxarmağa qərar verib. Düzdür, ortada hələ də nala-mıxa vuran D.Tramp amili var, lakin hiss olunur ki, prezident yox, məhz ənənəvi ABŞ “siyasət maşını” öz maraqlarını diqtə edəcəkdir. Elə D.Trampın biznesmen R.Tillersonun əvəzinə dövlət katibi kimi kəşfiyyatçı M.Pompeonun namizədliyini irəli sürməsi də bunun göstəricisi sayıla bilər.

Sözsüz ki, belə vəziyyətdə sual yaranır: heç vaxt sədaqətilə seçilməyən İrəvan növbəti dəfə ağasını dəyişmək fikrinə düşməz ki?

Əvvəlcə onu deyək ki, ABŞ-ın eyni vaxtda üç dövləti – Rusiyanı, İranı və Çini hədəfə alması bu üçlüyü birləşməyə də təhrik edə bilər.

Bu ölkələrin siyasi modellərinin biri-birinə yaxınlığı bir yana, onların geosiyasi hədəfləri də eyniləşə bilər. Xüsusən də nəzərə almaq lazımdır ki, Çinlə Rusiya arasında ittifaqın artıq bir formulu var və bu da sözsüz ki, Şanxay birliyidir.

Üstəlik, Çin və İran ABŞ-ın müttəfiqi – Avropa üçün elə də aktual deyil, onlar daha çox Rusiyadan ehtiyat edirlər. Elə bu səbəbdən də düşünürük ki, gələcəkdə ABŞ strateqləri bu amili nəzərə alacaq və daha çox diqqətlərini Rusiya səmtinə yönəldəcəklər. Bu isə o deməkdir ki, Moskvanı daha bir “perestroyka”nın gözlədiyini indiyədək israr edən rusiyalı təhlilçilər heç də yanlışlığa yol vermirlər.

Düzdür, Rusiyanın Asiya və Yaxın Şərq kimi çox perspektivli “aktiv”inin olduğunu iddia edən təhlilçilər də var və onların təklif etdiyi bir koalisiya formulunu artıq bir az əvvəldə qeyd etdik. Rusların Türkiyə ilə də bağlı böyük ümidləri var və aprelin əvvəlində prezident V.Putin Ankaraya daha bir səfər edəcək.

Özü də Türkiyə ilə bağlı ikili gözlənti mövcuddur. Bəziləri Türkiyəni NATO-dan qoparmağa çalışır, digərləri isə, əksinə, NATO üzvü olan Türkiyəni öz maraqlarına daha uyğun hesab edirlər.

Eləcə də Moskva İranla ciddi ittifaqa can atır və demək lazımdır ki, Tehran daim buna hazırdır. Amma yenə də düşünürük ki, əgər növbəti anti-Rusiya həmləsi ciddi xarakter alarsa, o halda Kreml üçün çox çətin olacaq.
İrəvanın bütün bunlara “münasibət”inə gəldikdə isə, Rusiyadan savayı heç kim onun “milli sayıqlamalar”ına dəstək vermək fikrində deyil, hətta Kreml də bunu ciddiyə almır, bundan sadəcə, bir alət kimi istifadə edir.
Parisə və ya Vaşinqtona gəldikdə isə, onların heç biri Ermənistanı özünün geosiyasi “forpost”una çevirmək fikrində deyil. Elə bu səbəbdən də hələ bir müddət İrəvan Kremlin orbitində olacaq.

S.Lavrovun hökumətdən gedişi reallaşarsa, ermənilər Rusiya hökumətindəki mühüm “rıçaq”larından birini itirəcəklər. Lavrov ötən il onlara ən azı, Avropa Birliyi ilə saziş imzalamağa imkan yaratdı. Düzdür, hər tərəfdən sıxışdırılan Rusiyanın özü də AB-nə “körpü” atmaqda çox maraqlı idi, amma Lavrovun “patronajlığı” yetərincə sezilirdi.

Üstəlik, S.Sarkisyanın, necə deyərlər, “quyruğu qapı arasındadır”, öz hakimiyyətini uzatmaq, bundan sonra isə əlində saxlamaq üçün onun da Kremlin dəstəyinə böyük ehtiyacı var.

Özümüzə gəldikdə isə, Azərbaycan dünyaya nə Rusiyanın, nə də Amerikanın maraqları prizmasından baxmır – Bakının öz maraqları və gözləntiləri var ki, bunun özü də çox müsbət haldır. Biz indiyədək mövcud olan regional üçbucaqlar içrə əməkdaşlığımızı dərinləşdirməli və buna daha dinamik məzmun verməliyik.
Məsələn, martın son günlərində İran prezidenti Bakıya səfər edəcək. Bunun özü də göstərir ki, Cənub-Şimal dəhlizi üzrə işlər reallaşır və heç şübhəsiz ki, dönməz xarakter alır.

Türkiyə ilə Rusiyanın yaxınlaşması da bizim maraqlarımıza cavab verir. Lakin burada bir detal vardır.
Ankaranın Suriyada keçirdiyi son əməliyyatlar onun üçün çox önəmli olsa da, hər halda, biz bu prosesin o qədər də dərinləşməsində, Türkiyənin Suriyada və İraqda “ilişib qalmasında” maraqlı deyilik. Çünki Suriyada və İraqda Türkiyənin maraqları ilə hesablaşan Kreml ondan öz maraqları ilə - keçmiş sovet məkanındakı maraqları ilə hesablaşmağı, özünün bu seqmentdəki “haqq”ını tanımağı tələb edə bilər. Bu isə sözsüz ki, bizim maraqlarımıza cavab vermir.

Üstəlik, bir sıra rusiyalı təhlilçilər kimi biz də hesab edirik ki, Azərbaycanın da maraqlarına daha çox NATO üzvü olan Türkiyə cavab verir, ona görə ki, bizim üçün Vaşinqtonla körpü də vacibdir.

Qərəz, Ermənistanın çabalarına baxmayaraq, hansı prizmadan yanaşırsansa yanaş, Azərbaycanın üstünlükləri göz önündədir. Bircə o qalır ki, bütün bu üstünlüklər Qarabağ hərbi-siyasi teatrında da özünün əksini tapsın.

Düşünürük ki, o gün də uzaqda deyil...

Hüseynbala Səlimov
AzNews.az