“Bu layihələr Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir” - Robert Sekuta

28 Mart 2018 14:18 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, tədbiri açıq elan edən AmCham Azərbaycanın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova R. Sekutaya Azərbaycanda xüsusi xidmətlərinə görə minnətdarlıqlarını ifadə ediblər, 2015-ci ildə Bakıya gələn səfirin Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıblar.

R. Sekuta isə Azərbaycanın regionda strateji mövqe tutduğunu deyib. O, Azərbaycanın neft-qaz ölkəsi olduğunu və bu istiqamətdə strategiyasını davam etdirdiyini bildirib: "Bu strategiya ilə yanaşı Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, o cümlədən Ələt limanı Şərq-Qərb, həmçinin Şimal-Cənub dəhlizi boyu ticarət əlaqələrinin möhkəmlənməsinə təsir edəcək strateji layihələrdir. Bu layihələr də Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir".

O bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyinin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Şərqdə yaranan ilk müsəlman demokratik respublikası olduğunu deyib.

Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu problemin sülh yolu ilə həllinə köməyə çağırıb.