3 nəfəri bıçaqlayan şəxsə 7 il yarım iş verildi

28 Mart 2018 16:39 (UTC+04:00)

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Şahverdiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə olan restorana gələrək, burada özü ilə gətirdiyi spirtli içkini içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev Saleh Şahverdiyevə burada spirtli içkinin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. S. Şahverdiyev konyak şüşəsi ilə Fərid Ağayevin boyun nahiyəsinə zərbə endirib.

Daha sonra restorandan çıxarılan Saleh Şahverdiyev onları ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə vurub. O, hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq zərbəsi vurub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

AzNews.az