Son aylar sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyinə, onun iqtidarına qarşı yönləndirilmiş provakasion çıxışların çoxalması sezilir. Bunların arxasında Azərbaycan dövlətinin varlığını əzəldən istəməyən, həmçinin onun iqtidarının milli mənafeləri güdən siyasətini bəyənməyən güclərin dayandığı hamıya aydındır. 25 ildən çoxdur ki, Azərbaycan dövləti “it hürər, karvan keçər” deyib, çox belə təxribatları adlatmışdır və adlatacaq da. Amma məni ağrıdan odur ki, Azərbaycan dövlətinin, onun xalqının düşmənləri öz məqsədləri üçün bizim öz soydaşlarımızdan istifadə edirlər. Satqınlıq səhnəsinə yeni-yeni leyla yunusovlar, xədicə ismayılovalar çıxarılır. Belə pula satılmışlardan gərəyincə təhsili və biliyi olmayan Orduxan Temirxan adlı birisi utanmadan arabir erməni neofaşistlərinə havadarlıq edir. Milli simasını itirmiş belələrini cəzalandırmağı, keşkə 1 milyon qaçqın-köçkünün ixtiyarına verəydilər... Əlbəttə, o satqınlar cəzalarını alacaqlar, necə ki, Şuşa həbsxanasında ermənilərin əsir və girovlarımıza qarşı istifadə etdikləri satqınlar bir kərə qullandıqdan sonra tullanan əşyalar kimi hüquq-mühafizə orqanlarımızın əlinə keçdilər... Zaman gələcək daha bu üzüdönüklərin çərənləmələrinə pul verən olmayacaq. Satqınlar el-obasına, valideynlərinə nankorluq edənlər bağışlanmır, gec-tez cəzalarını alırlar.
Orduxan Temirxan!101 yaşına adlamış atamı, anamı ziyarət etdikdə, mənə sualları bu olur: Torpaqlarımızdan nə xəbər var? Nə vaxt kəndimizə dönəcəyik?...
Sizin də qohum-əqrabanızı əcdadlarının min illərdən bəri yurd saldıqları torpaqlarından çıxarıblar. Səninsə vecinə deyil. Utanmadan erməni çörəyini yeyirsən. Bu da vecinə deyil ki, qohumların, həmkəndlilərin səndən üz döndəriblər, adını çəkəndə utanırlar...Və xahiş edirlər ki, sənin doğulduğun kəndin adını çəkməyək.
Utanmaq, xəcalət çəkmək hissi canlılardan yalnız insanlara məxsusdur. Uca Tanrı heyvanlara, həşəratlara utanmaq duyğusu vermədiyi üçün onlar istədikləri hərəkəti eləyirlər. Eşşək istədiyi vaxt anqırır, harda gəldi ehtiyacını ödəyir, milçəklər isə erməni həyasızlığı ilə hara gəldi soxulurlar. Çox təəssüf ki, Avropada düşmən çörəyi yeyənlər də utanıb həya etmədən Azərbaycan dövlətinə qarşı əllərindən gələn pislikləri edirlər, ağızlarına gələni danışırlar, mədəni insana, ziyalıya yaraşmayan pis-pis söyüşlər söyürlər. Onlardan Vidadi İsgəndərli adlısı biabırçı söyüşləri ilə birinci yerdədir. Söyüş ilk növbədə acizliyin, zəifliyin, nevrozluğun, kin-küdurətin, nifrətin aşıb-daşmasının əlamətidir. Belələri əsəb həkimindən müalicə almalıdırlar. Bir də uşaq vaxtı ailədə, böyüdüyü mühitdə söyüş eşidənlər, bu pis vərdişə mübtəla olurlar. Gələcəkdə özünü hakmiyyətdə gördüyünü bəyan edən bu adam söyüşləmi idarə edəcək Azərbaycanı? Axı bu söyüşləri onun uşaqları da eşidirlər... Onun ağızdolusu tərifləyib arxalandığı avropalılara da bu söyüşləri tərcümə edirlər. Azərbaycanlıları tanımayanlarda millətin obrazını yaradırlar. Bazar qadınlarının sözlərini işlətməklə inqilaba, mitinqlərə, “mühacir höküməti” qurmağa çağıranlar anlamırlar ki, həmişə ədəb-ərkanı dəyərləndirən xalqımızda ikrah hissi doğururlar.
Martın 30-da soydaşlarımızı Parisin mötəbər bir dövlət idarəsi, Azərbaycan səfirliyi qarşısında Azərbaycan dövləti əleyhinə mitinqə çağıran Vidadi İsgəndərli erməniləri ən çox dəstəkləyən Fransadan nə umur? Mən inanıram ki, o mitinq izdihamlı olacaq. Çünki Fransadakı ermənilərin hamısı olmasa da, yarısı həmin mitinqə qatılacaq.
Qardaşlar, bacılar, dostlar! Azərbaycan Respublikasında, onun sınırlarından kənarda yaşayan soydaşlarım! Gəlin, atalarımız demişkən, əyri oturaq, düz danışaq. Tək Ermənistan deyil, onun havadarları da güclü Azərbaycan istəmir. Dünyanın indiki qarışıq dönəmində, dədə-babalarımızın uyuduğu torpaqlarımızın düşmən tapdağı altında inlədiyi bir zamanda Azərbaycan dövlətinə kim başçılıq edə bilər? Bu dolaşıq dönəmlərdə dövlətimizi və xalqımızı siyasətin dolanbac labirintləri ilə gələcəyə kim apara bilər? Azərbaycan dövlətini dünya miqyasında kim təmsil edə bilər?
Şəxsən mən indiki dönəmdə Prezident İlham Əliyevə tay, hətta ondan bir az aşağı da olsa, başqasını görmürəm.
Əziz soydaşlarım! Gəlin, ortaya şəxsi maraq və mənafelərimizi yox, Azərbaycanın mənafeyini qoyaq! Öz fərdi orbitimizdə, maraq çevrəmizdə deyil, torpağı, xalqı param-parça olmuş Azərbaycanımızın bir parçasında qurulmuş dövlətimizin orbitində (çevrəsində) fırlanaq!...Öz biznesimizdən, karyeramızdan kimlərinsə hansısa əcnəbi dairələrə quyruq bulamasına görə qazancından öncə dövlətimizi, xalqımızı düşünək!
Yuxarıda “biznesimiz” deyərkən, ağlınıza başqa şey gəlməsin. Mən adi təqaüdçüyəm, adi pensiya ilə yaşayıram, heç bir maaş cədvəlinə qol çəkmirəm. Mən də adi vətəndaş təki xeyirxahlıqla yanaşı, haqsızlıqlarla da üzləşirəm...Lakin bu, mənim fərdi həyatımdır və bunun xalqımıza və dövlətimizə olan sevgimə, təəssübkeşliyimə aidiyyatı yoxdur.
Vətənini, xalqını sevən – sevəcək, istər yoxsul olsun, zəngin olsun, istərsə də məhkum... Bu sevgi çox ali, qutsal, müqəddəs duyğudur və satqınlarda olmur.
Sizlər ağızdolusu Avropa demokratiyasından dəm vurursunuz. Qərbin “demokratiya”, “insan haqları” və s. şüarlarla islam ölkələrinə top-tüfənglə soxulub şəhərləri, kəndləri viran etməsini, dinc insanları uşaq, qoca, qadın demədən qanına qəltan edib, min-min illik yurdlarından didərgin salınmasına nə ad vermək olar? Uzağa getməyək, elə biz 25 ildir dünyaya haykıraraq, erməni neofaşistlərinin törətdiklərini, 1 milyon azərbaycanlı müsəlmanın etnik təmizləməyə məruz qaldığını deyirik, yazırıq. Lakin özlərini “demokratiyanın, insan haqlarının qarantı” kimi qələmə verib, dünyada hay-küy salanların heç tükü də tərpənmir. Atəşkəsə baxmayaraq erməni snayperlərin azyaşlı uşaqları belə nişan alıb öldürməsini Qərbin hüquq-müdafiəçiləri “görmürlər”. Çünki o öldürənlər xaç daşıyırlar, ölənlər isə müsəlmandırlar, türkdürlər. Bəs siz kimsiniz, ey üzüdönüklər? Heç bu sualı özünüzə verimisinzimi? Niyə heç ermənilərin Azərbaycanda aparmış olduqları etnik təmizləmədən, soyqırımından danışmırsınız? Yoxsa bəzi dairələrdən aldığınız maliyyə vəsaitlərinin kəsilməsindən qorxursunuz?