Qusmanın "Həyat formulu" kitabı - Görkəmli bakılılar (Foto)

28 Mart 2018 18:48 (UTC+04:00)

AzNews.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

"Dərin düşünən insan həmişə həyat, tale, bu dünyada qismətinə düşən günləri necə yaşaması barədə fikirləşir. Elə nümunə varmı ki, ona istinad edə biləsən, elə bir yol varmı ki, səni əsaslanacağın prinsiplərə yönəltsin... Həyat formulunu tapmaq, təəssüf ki, heç də hamıya nəsib olmur. Bu formul fərdi, unikaldır. Lakin elə insanlar var ki, onların həyatı yol göstərən ulduz ola biləcək həmin nümunə, həmin formuldur".

Məşhur bakılı, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu: atam və anam haqqında kitab”ı məhz bu cür insanlara həsr edilib. Xatırladaq ki, Mixail Qusman məşhur “Hakimiyyət formulu” televiziya verilişinin müəllifidir; prezidentlər, öz həyat tarixçəsi, taleyi ilə tanınmış dövlət xadimləri bu verilişin qonağı olublar. Onun kitabı da verilişi kimi maraqlı və cəlbedici alınıb.

M.Qusman kitabı öz valideynlərinə, məşhur bakılılar, görkəmli şəxsiyyətlər – professor Solomon Qusmana və filoloq, pedaqoq, professor Lola Barsuka həsr edib. “Bu kitab onlar haqqında və onların dövrü haqqında, onların yaşadıqları həmin parlaq, namuslu, qüsursuz həyat haqqındadır”, - deyə müəllif “Ön söz”də yazır. Bəli, Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət üstəgəl bir-birinə, övladlarına, doğmalarına və yaxınlarına, insanlara böyük məhəbbət. Oxucu elə ilk səhifələrdən bu kitabın qəhrəmanlarının təkcə övladları Mixail Qusmana və Yuli Qusmana deyil, həm də bu kitab sayəsində çoxlarına miras qoyduqları həyat formulunu duyacaq.

Vurğulamaq lazımdır ki, bu kitab keçən əsrin 40-70-ci illər Bakısının özünəməxsus tarixidir. Bu tarixi indi o qədər də çox insan xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində və həyətlərində yaşayır. O, səs-küylü, bir-birinin köməyinə yetişməyə hər zaman hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə yaşayır. Mixail Qusmanın kitabında Bakı, bax, bu cür canlandırılır.

Qusmanın valideynləri cəmiyyətdə mühüm yer tutublar. Lakin bu ailə öz sadə, təvazökar həyatı ilə fərqlənib. O zaman Qusmanlar Pyotr Montin küçəsində üçotaqlı mənzildə yaşayırdılar. Namuslu həyat onlar üçün hər şeydən üstün idi. Məsələn, tədbirlərin birində Lola Barsukla görüşərkən Heydər Əliyev özü onun işini qiymətləndirmişdi: “Bilirsiniz, Lola Yuryevna, mənim bundan əvvəlki vəzifəmdə (DTK rəhbərliyini nəzərdə tutur) mənə ali məktəb müəssisələrinin demək olar ki, bütün rəhbərləri barədə müxtəlif arayışlar, bəzən iftiralar, hətta donoslar gətirirdilər. Onları çox ağır günahlarda, lakin hər şeydən əvvəl, əlbəttə ki, rüşvətxorluqda ittiham edirdilər. Bəzən ədalətli, daha çoxu ədalətsiz olurdu. Siz isə Bakıda ali məktəbin yeganə rəhbərisiniz ki, haqqınızda heç vaxt bu cür sənəd daxil olmayıb”.

Professor Lola Barsukun tələbələri sırasında həyatda uğur qazanan çoxsaylı insanlar, tanınmış jurnalistlər, professorlar, diplomatlar var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, peşəkar diplomat Fəxrəddin Qurbanov və bir çoxları onun tələbələri olublar.

Kitabda Qusmanlar ailəsi ilə bağlı maraqlı hadisələr təsvir edilib. Solomon Qusman Bakıya tez-tez gələn Vladimir Mayakovski və Sergey Yeseninlə tanış idi. Yesenini elə həkim Qusman Sabunçu xəstəxanasında müalicə etmişdi. Bir dəfə isə o, gəmi təmiri zavodunun xəstəxanaya çox ağır zəhərlənmə ilə gətirilmiş 137 fəhləsini ölümdən qurtarmışdı. Buna görə Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov onu “SSRİ səhiyyə əlaçısı” nişanı ilə təltif etmişdi. Bakıya gəlmiş İosif Stalini müşayiət etmək üçün Xəzər donanmasının ən yaxşı həkimi kimi cəbhədən geri çağırılmışdı. Stalin buradan ABŞ prezidenti və Böyük Britaniyanın Baş naziri ilə görüşmək üçün Tehrana getməli idi.

Solomon Qusman Bakıya, doğma şəhərə çox sadiq idi. Moskvaya, ona təklif edilən yüksək vəzifəyə getməyə razılıq verməmişdi. Bu cür cəlbedici təkliflər Lola Barsuka da olunmuş, o da imtina etmişdi. Professor Adil Baxşəliyev Solomon Qusman haqqında belə yazır: “O, təkcə kafedra müdiri, məşhur professor, yaxşı həkim deyil, hər şeydən əvvəl gözəl keyfiyyətlərə malik insan idi. Kafedrada səmimi, xeyirxah münasibətlərin olmasına çalışırdı. Deyərdi: elə etmək lazımdır ki, evdə iş üçün darıxasan, işin sonunda isə ev üçün darıxasan. Professor Qusman böyük və kiçik vəzifəli əməkdaşlar arasında heç vaxt fərq qoymazdı. O, kimin nəyə ehtiyacı olduğunu bilirdi, onunla 40 il işləmiş sanitarların ad günündə bütün həkimləri toplayar, onlara gül və hədiyyələr aparardı”.