“Bunu şərəfli iş hesab etmirəm” - Tarix İnstitutunun direktoru

29 Mart 2018 13:39 (UTC+04:00)

Bunu APA-ya Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı mübahisələrə münasibətini açıqlayan Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

Y. Mahmudov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar: “İstiqlal Bəyannaməsində çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir. Bu Cümhuriyyətin doğma dilimizdə Azərbaycan Xalq Cümhuriyyəti adlandırılması tamamilə qanuna uyğun, elmi və doğrudur. Bu məsələ ilə ümummilli lider Heydər Əliyev çox ciddi məşğul olub. Mən o zaman Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı idim. Heydər Əliyev çox böyük tarixçi heyəti topladı və bildirdi ki, Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası kimi yayılıb, qoy yayılsın, biz demokratik dövlət qurmuşuq. Amma Heydər Əliyev onu da dedi ki, Cümhuriyyətin öz adını ona qaytarmaq lazımdır, siz tarixçilər də fikrinizi bildirin. Biz məsələni araşdırdıq. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev çox görkəmli mütəxəssisdir, dəfələrlə onunla görüşdük, sənədlərlə tanış olduq. Daha sonra da Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, Cümhuriyyətin adında Cümhuriyyət sözü bərpa olunsun, İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətiadlandırılsın. Ondan sonra biz ölkə daxilində milli ədəbiyyatımızda düzgün olaraq Xalq Cümhuriyyəti adlandırırıq. Bunun həm elmi əsası var, həm də ulu öndər bu işlə çox ciddi məşğul olub, arxiv materiallarına əsasən qərar qəbul edilib”.

AzNews.az