Bakıda “Xocalı dərsi” filminin təqdimatı olub

29 Mart 2018 17:14 (UTC+04:00)

“Report”un xəbərinə görə, təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, media nümayəndələri, baş redaktorlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Xocalı sakinləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov filmlə bağlı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifi və rejissorluğu ilə çəkilən filmdə “Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabındakı faktlardan istifadə olunub.

O.Səmədov deyib ki, 45 dəqiqəlik filmdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı qeyd olunur.

Onun sözlərinə görə, filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, bu film müasir tarixin ən qanlı səhifələrindən birinə həsr olunub: “Son 200 il ərzində ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, onların ərazi iddiaları ilə üzləşmişik. Sovet dövründə saxta “xalqlar dostluğu” adı altında Azərbaycan xalqına zərbələr vurulub. Biz keçmişimizin acı həqiqətlərini unutmuşuq, tarixi faktlar təhrif olunub. Ona görə də bu tarixi faktları yeni nəsillərə ötürə bilməmişik. Xocalı soyqırımı kimi faciələrdən dərs götürülməlidir. Dünya miqyasında Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması üçün çox işlər görməliyik. “Xocalıya ədalət” kampaniyası çərçivəsində mühüm işlər görülüb, 16 ölkə Xocalı soyqırımını tanıyıb. Kütləvi informasiya vasitələri də bu istiqamətdə işlər görür, inanırıq ki, bundan sonra da belə olacaq”.

Sonra film nümayiş olunub.

AzNews.az