Qarşıdurma yaradaraq Qərb dairələri, antimilli qüvvələr qarşılığında götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışan, bununla da aldıqları qonorarla başlarını dolandıran "Milli şura" və radikal dindarlar tələm-tələsik martın 26-sında bir araya gəliblər.
Tədbir iştirakçılarının bəzilərinin adları onun mahiyyəti haqqında dolğun təsəvvür yaradır. Məsələn, uğursuz kinorejissor Eldəniz Quliyev, "siyasi məhbus" “makleri” Oqtay Gülalıyev, tamada İlham Hüseyn, radikal dini ekstremist Tale Bağırzadənin həyat yoldaşı Leyla Bağırzadə və "Müsəlman Birliyi Hərakatı" kimi adlandırılan dini-ekstremist təşkilatın digər nümayəndələrinin adlarını sadalamaq yetərlidir. Təbii ki, fərqli dünyagörüşə, siyasi mənsubiyyətə, bir-birinə zidd həyat tərzinə malik bu insanları birləşdirən yeganə ortaq cəhət qisas hissidir.
Seçkiləri guya boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən
“Milli şura” adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir. Məqsəd xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itəaətsizliyinə səsləməkdir. Görünən isə budur ki, Azərbaycanda hakimiyyət-xalq vəhdəti və birliyi sözügedən radikalların mənafeyinə uyğun deyil.
Xüsusən də anti-Azərbaycan, anti-İslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli martın 31-də keçirəcəyi mitinqində radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Bundan əvvəlki mitinqin biabırçılıqla nəticələnməsi onu bu addımı atmağa sövq edir. Əslində, ortada qaranlıq qalan bir şey də yoxdur. Əli Kərimli ilə Tale Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir.
Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli şura” və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər.
Əslində, “Milli şura” adlanan qurum seçkiləri boykot etməklə bağlı bəyanat verməklə özünü oyundankənar vəziyyətdə qoydu. Çünki onlar öz güclərinə bələddirlər, bilirlər ki, seçkiyə qatılsalar, çox biabırçı bir məğlubiyyətə uğrayacaqlar. Onların arxasında xalqın dəstəyi, geniş seçici ordusu yoxdur. Bu baxımdan çıxış yolunu məhz boykotda gördülər. Ancaq boykot o zaman olur ki, seçki ümumiyyətlə baş tutmasın, seçicilər seçkiyə getməsinlər, səs verməsinlər. Muxalifətdə bu güc olmadığına görə onlar ortalığı qarışdırmaq üçün müxtəlif variantlara əl atırlar.
“Milli şura”nın radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması faktı isə onu deməyə əsas verir ki, “Milli şura” adı altında birləşən qüvvələr şəxsi məqsədlərini təmin etmək üçün hətta Azərbaycana düşmən olan istənilən qüvvələrlə belə işbirliyinə hazırdır. Çünki artıq heç bir ictimai, siyasi dayaqları yoxdur. Əlləri hər yerdən üzülüb. Belə olduqda nicatı Azərbaycana düşmən kəsilmiş radikal, fanatik dindarlarda görürlər. Nəticə etibarı ilə belə çıxır ki, bu adamların əsas məqsədi siyasi hakimiyyət deyil, sırf şəxsi mənafeləridir. Eyni zamanda, “Milli şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər.
Xoşbəxtlikdən bu gün Azərbaycan xalqı qarşıdurma deyil, ölkədə sabitlik, əmin-amanlıq istəyir. Buna görə də “Milli şura” və hazırda işbirliyi içərisində olduqları radikal dindarlar bu ölkədə heç nəyə nail ola bilməyəcəklər.
Elgün
AzNews.az