Səudiyyə Ərəbistanı cəllad axtarır

12 Mart 2013 10:03 (UTC+04:00)


Lent.az-ın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, cəllad olmaq istəyənlərin sayının azalması səbəbindən Səudiyyə Ərəbistanı baş vurmaq üsulunu güllələnmə ilə əvəz etməyə hazırlaşır.

Keçən il ölkədə məhkəmə qərarı əsasında 60 nəfərin başı vurulub. Onların arasında zorlamada, qətldə, dinini dəyişməkdə, silahla soyğun törətməkdə və narkotik vasitə ticarətində günahlandırılanlar var. Lakin cəllad kadrları çatışmadığı üçün cəlladlar baş vurmaq üçün şəhərdən şəhərə getməli olurlar. Edam prosesləri gecikdiyi üçün Səudiyyə Ərəbistanın Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi baş vurma ənənəsindən imtina edərək , onu güllələnmə ilə əvəz etməyi təklif edir.

Hökumət Komissiyası hesab edir ki, baş vurmanın güllələnmə ilə əvəz edilməsi islama zidd deyil. Lakin bu, cəmiyyətdə birmənalı qarşılanmır. Çünki baş vurma Səudiyyə Ərəbistanında çoxəsrlik ənənədir və bir çoxları bu ənənədən imtina etməyə qarşı çıxırlar.

AzNews.az